• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 24.12.2020 16:41

Pandemiyanın genişləndirdiyi distant təhsil

KepezTV Player

Koronavirus pandemiyasının yaratdığı reallıqlardan biri də təhsilin distant formada təşkili oldu. Həm orta, həm də ali təhsil səviyyəsində tədrisin onlayn şəkildə aparılması təbii ki, müəyyən üstünlüklər və çatışmazlıqlarla müşahidə edilir. Obyektiv və subyektiv amillərdən qaynaqlanan dərslərin online formada keçirilməsindən əməkdaşımız Qənirə Abbaszadə danışacaq.

Müasir dövrdə texnologiyanın inkişafı təhsilin distant formada keçirilməsi imkanlarını genişləndirib. Tədrisin məsafədən keçirilməsi öyrədən və öyrənən arasında əlaqənin telefon, planşet və kompyuter üzərindən qurulması anlamını verir. Çeviklik, müəllim-şagird və ya tələbənin yeni rolu, müasir texnologiyalardan istifadə imkanlarının artırılması distant təhsili gündəlik həyatımızın bir hissəsinə çevirib.

Bəxtiyar Məhərrəmov GDU-nun müəllimi:Distant təhsil ümumiyyətlə, sözü ilk dəfə olaraq 20-ci əsrin 40 cı illərində yəni, 1946-cı ildə İngiltərədə işlənib. İlk dəfə İngiltərədə-Londonda universitetlərin birində distant təhsil verən kafedra-şöbə açılır, daha doğrusu  açılır kafedra deməyək, şöbə açılır və başlayırlar yavaş-yavaş poçt vasitəsilə, bir də müəyyən resurslar vasitəsilə əllərində olan tələbələrə təhsil verməyə.

Distant təhsilin üstün tərəfləri nədir? birinci tərəfi, distant təhsil fərdi təşəbbüsü gücləndirir, yəni təhsil almağı təbliğ edir, təhsil verməyi yox, yəni səni heç kim məcbur edib təhsil vermir, özün almalısan təhsili. İkinci distant təhsil daha çox tədqiqata üstünlük verir, çünki nə qədər müəllim sənə yaxşı dərs də keçsə belə, onun müəyyən bir formada demədikləri qalır. Tələbə onu özü öyrənməlidir.Təhsil almaq istəyən insan bunu özü maraqlanmalıdır.

Bu müasir təhsil formasında tələbələrin fərdi imkanlarını kifayət qədər qiymətləndirmək imkanının olmaması, interaktivliyin arzuolunmayan səviyəsi müəyyən çətinliklər yaradır.

Cəfər Cəfərov ADAU-nun müəllimi: Mənfi cəhətlərinə gəldikdə qeyd edərəm ki, ən böyük mənfi cəhətlərindən biri burada praktiki biliklərin tələbələrə çatdırılmaması bir az çətinlik doğurur. Tələbələr online tədris prosesinə qoşulduqda, onlar arasında sosial qarşılıqlı təsir azalır. Online tədris prosesinin digər bir mənfi cəhəti ondan ibarətdir ki, bu da internet probleminin mövcudluğudur. Sözsüz ki, bu əksini bizim online tədris prosesimizdə də mənfi təsir göstərdi, həm tələbə baxımdan, həm müəllim baxımdan. Bəzən tələbələr vaxtında dərslərə qoşulmaq problemi yaşayırıq. Biz istədiyimiz məlumatları gənc nəsillərə ötürə bilmirik.

Beynəlxalq praktika da göstərir ki, distant təhsilə qoşulan tələbələrin əksəriyyəti işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyənlərdir. Bu baxımdan distant təhsil forması hamı üçün münasib sayılsa da, adi təhsil sistemini əvəz etmir.

Peykər İbrahimova tələbə: Əslində elə fənlər var ki, onları əyani şəkildə keçsək daha bizim üçün effektli olar, lakin yenə bildiyimiz kimi bu şəraitlə bağlı olaraq alınmır. Ancaq düşünürəm ki, online təhsilin başqa üstünlükləri də var, məsəlçün elə universitetlər var ki, bunlar xaricdə yerləşir və bu universitetlərdən öz universitetimizlə yanaşı online şəkildə ordan kurslar, təlimlər ala bilirik, əlavə olaraq sertifikat və diplom əldə edirik.

Fidan Vəliyeva tələbə: Distant təhsil də bəzi çətinliklər yarada bilər tələbələrə, o cümlədən bizə də yaradır, məsələn ,internet kimi problemlər hər evdə yaşanır. Müəllimlərimiz bunun üçün çox çalışırlar ki,bütün mühazirələri bizə öyrətmək üçün çalışırlar, təbii ki, bizdə dərs zamanı bunları qeyd edib, əlimizdən gələn qədər öyrənirik.

İctimaiyyət tərəfindən müxtəlif cür anlaşılsa da distant təhsilin də “Elm Çində olsa belə dalınca gedin” məsəli ilə əlaqəsini yaddan çıxartmamalıyıq. Təhsil alan və verənlər üçün nə qədər əngəllər olsa da, effektli nəticəyə nail olunması bilik əldə etməkdən keçir.