• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 24.11.2020 20:40

Erməni təxribatından əziyyət çəkən veteranlarla görüş keçirilib

KepezTV Player

Gəncədə erməni təxribatından əziyyət çəkən şəhər sakinlərindən üçü veteran futbolçudur. “Kəpəz” klubunun bazasında vaxtilə komandanın şərəfini qorumuş həmin sabiq oyunçularla görüş keçirilib.

Emin Mustafayev, Sahil Abdullayev və Samir Allahverdiyev ermənilərin oktyabrın 11-də gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkib. Partlayış baş verən binada yaşamış Mustafayevlə Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar, mənzilləri yararsız hala düşüb. Allahverdiyevin özünə heç nə olmasa da, ailə üzvləri yaralanıb, evi ciddi zərər görüb. Erməni vəhşiliyi nəticəsində yaşananlar klub rəhbərliyi ilə görüşdə bir daha xatırlanıb, dinc əhaliyə yönələn terror pislənilib. Düşmənin müharibə qanunlarına, beynəlxalq hüququn normalarına sığmayan, insanlıq əleyhinə yönələn hərbi cinayətlər törətdiyi bildirilib. Baş verənlərin Gəncə sakinlərinin mübariz ruhunu sarsıtmadığı, əksinə Şanlı Ordumuzun da ardıcıl qələbələri ilə əhalinin ruh yüksəkliyi yaşadığı, çətin günlərdə bir yumruq kimi birləşdiyi vurğulanıb.

Görüşdə klub adından veteran futbolçulara geyim dəstləri hədiyyə edilib, maddi köməklik göstərilib. Gündəlik həyat və məişət qayğılarının dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığını deyən sabiq oyunçular göstərilən diqqət və qayğıya, dəstəyə görə minnətdarlıq ediblər.

“Kəpəz”lə yanaşı, Azərbaycanın müxtəlif klublarında da oynamış veteran futbolçulara klubda görülən işlərlə bağlı məlumat verilib, yeni istedadlı nəslin yetişdiyi, əsas komandanın qazandığı nəticələrlə turnir cədvəlinin üst sıralarında qərarlaşdığı və azarkeşləri sevindirdiyi qeyd olunub.