• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1230
— 15.11.2020 19:45

Azərbaycan üçün Zəfər, Ermənistan üçün zəhər həftəsi

KepezTV Player

Sentyabrın 27-də ermənilərin təxribatına cavab olaraq başlayan əks-hücum əməliyyatları 44 gündən sonra Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının, bir sıra yaşayış məntəqələrinin ardından noyabrın 8-də Şuşa, 9-da 70-dən artıq kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olundu. Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentləri, Ermənistan baş nazirinin birgə bəyanat imzalaması ilə rəsmi İrəvan faktiki olaraq kapitulyasiya etdi. Bundan sonra isə Ermənistanda vəziyyət gərginləşdi.

Özlərinin uydurduğu yalanlarla uyuyan ermənilər üçün məğlubiyyət soyuq duş effekti yaratdı. Kapitulyasiyadan dərhal sonra Paşinyanın istefasını tələb edən kütlələr küçələrə axışdı. Necə deyərlər, ara qarışdı, məzhəb itdi.

İrəvandakı etiraz aksiyaları kütləvi həbslərlə müşayiət olunur. Milli Təhlükəsizlik Xidməti parlamentin vitse-spikeri Eduard Şarmazanovu, “Vətən” Partiyasının sədri, MTX-nın keçmiş rəhbəri Artur Vanetsyanı, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyanı, parlamentin sabiq vitse-spikeri Ara Saakyanı həbs edib. Bundan əvvəl isə Daşnaktsutyun Partiyasının rəhbərliyində olan İşxan Saqatelyan saxlanılıb. Bəzi müxalifətçilər özlərinin və yaxınlarının təhlükəsizliyinə görə narahatdırlar. Ölkə mediasına sərt senzura tətbiq edilir, QHT-lərin fəaliyyəti isə tam məhdudlaşdırılıb. Artıq etirazçıların qətlə yetirilməsi halları da müşahidə olunur. Ermənistan parlamentinin binasına daxil olan şəxslərdən birinin meyiti tapılıb.

Burda maraqlı olan bir məqam da var. Azərbaycana gəldikdə qarışqadan fil düzəldənlər indi Ermənistana münasibətdə ağızlarına su alıb bir kənara çəkiliblər. Söhbət insan haqlarından dəm vuran bəzi qərb dairələrindən gedir.

Həmçinin işğalçı ölkə 30 ildə olduğu kimi, indi də Azərbaycanın maddi-mədəniyyət abidələrinə ziyan vurmaqdan, onları talamaqdan çəkinmir. Hətta Ağdamda ermənilərin Tiqranakert adlandırdığı ərazidə qanunsuz arxeoloji qazıntılar aparması və tapıntıların qablaşdırılaraq Ermənistana aparması da buna sübutdur.