• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 20.09.2020 20:30

"Əsrin müqaviləsi" - 26 il

KepezTV Player

Bu gün tarixə qızıl hərflərlə yazılan günlərdən biridir. Özü də qara qızıl. Bəli, ölkədə "Neftçilər günü" qeyd olunur. Əsrin müqaviləsinin imzalanmasından isə 26 il ötür. Prezident İlham Əliyevin rəsmi Facebook səhifəsində də bu günlə bağlı paylaşım edilib. "Neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır" deyə paylaşımda qeyd olunub.

1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 13 ən iri neft şirkəti ilə müqavilə bağlandı - Əsrin müqaviləsi.1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu. İstismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib. Bununla belə, "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş neftin ixracı üçün yeni kəmərə ehtiyac yaranmışdı. Odur ki, Ümummilli Lider Heydər Əliyev yeni neft kəmərinin tikilməsi təşəbbüsü ilə çıxış edib. Müxtəlif siyasi, iqtisadi və xarici maneələrə baxmayaraq, 2002-ci ildə  Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyulub. 2006-cı ilin mayında Azərbaycan nefti bu kəmər vasitəsilə Ceyhan limanına çatdırılıb. Hazırda bu layihə nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edir.Beləliklə Azərbaycanda Heydər Əliyevin layihəsi əsasında neftdən əldə edilən gəlirlə iqtisadiyyatın inkişafına nail olundu. "Əsrin müqaviləsi” ilə müstəqilliyini  möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev deyirdi: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk”.

Ölkə iqtisadiyyatının əsas hissəsi - neft-qaz sektoru

Uğurlu siyasəti davam etdirən dövlət başçısı ötən gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində çıxışı zamanı bildirib ki, bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır.

Azərbaycan o ölkədir ki, XIX əsrin ortalarında ilk dəfə sənaye üsulu ilə neft hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çünki çar Rusiyası dövründə varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə düşürdü, insanların əməyi çox ağır idi. Bir daha deyirəm, Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.

Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi.

Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir.

Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.