• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 11.09.2020 20:09

Mayalandırılan heyvanlarda müsbət nəticə

KepezTV Player

İribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması Gədəbəydən olan fermerlərin də maraq dairəsindədir. Ələxsus da məhsuldarlığın və heyvanların baş sayının artırılmasına daha çox gəlirin əldə edilməsi baxımından yanaşılır. Rayonun coğrafi mövqeyi bu baxımdan əlavə imkanlar yaradır.

Əvvəlki illərdə dağ rayonunda iribuynuzlu heyvandalığın inkişafı üçün bir sıra tədbirlər həyata keçirilsə də, bu məhsuldarlığın yüksəlməsində özünü göstərməyib. Yerli cinslərin cırlaşaraq sıradan çıxması, ət və süd istehsalının aşağı düşməsi fermerlər müasir üsulların tətbiqinə vadar edib. Bunun nəticəsi olaraq Gədəbəyə həm yerli iqlim şəraitinə uyğun yeni xarici cinslər gətirilib, həm də süni mayalanma yolu ilə balalar alınmağa başlanılıb. Göygöl rayonunda respublika süni Mayalanma mərkəzində təlim keçən DAİM-in əməkdaşları qazandıqları təcrübədən irəli gələrək 20-yə heyvanı mayalandırıblar, nəticədə 12 bala əldə edilib.

Eldəniz İbrahimov - Gədəbəy DAİM-in heyvandarlıq sektorunun baş məsləhətçisi: Fermerlərlə söhbətlər zamanı onlara çatdırılır ki, lizinq yolu ilə yeni cinslər alıb gətirsinlər. Həmçinin onlarla maarifləndirmə işləri aparırıq ki, yerli cinslərlə süni mayalanma aparsınlar. Yerli camaata onu başa salırıq ki, vaxt o vaxt deyil. Yerli cinslər cırlaşıb. Ona görə heyvandarlıq sahəsini süni mayalanma yolu ilə inkişaf etdirmək lazımdır.

Gədəbəydə fermerlər əsasən Simental və Holşteyn Friz cinslərinə önəm verirlər. Bu sortlar iqlimə tez uyğunlaşır, eləcə də ət və südün əldə edilməsi baxımından məhsuldarlığı ilə seçilirlər. Bunun nəticəsidir ki rayonda yeni olsa da, xarici cinslərə maraq böyükdür.

Şahlar Zeynalov - fermer: Yaşım azdır. Amma bir neçə ildir təsərrüfla məşğulam. İri və xırdabuynuzlu heyvan saxlayıram. Yerli sortum var idi. Məsləhət gördülər ki, aqrilizinq yolu ilə sort mallar gəlir. Mən də gördüyünüz sortlar götürdüm. Bunların əlverişli olmağından danışım. Həm süd, həm də ət cəhətdən çox sərfəlidir. Yerli sort bunlarla baxanda xeyir etmir. Ona görə çalışacam ki, təsərrüfatımı tam bu sortlar üzrə inkişaf elətdirim.

Gədəbəydə 90-a yaxın fermer təsərrüfatı mövcuddur ki, həmin təsərrüfatlarda 45600 baş iribuynuzlu mal-qara saxlanılır. Rayonda yeni sayılan süni mayalanma üsulu ilə cins tərkibinin yaxşılaşdırılması yaxın gələcəkdə məhsuldalığa müsbət təsirini göstərməklə heyvanların baş sayını da artıracaq.