Dünyada koronavirus pandemiyasının yayılması tədrisin distant formada davam etdirilməsini labüd etdi. Mütərəqqi metodlardan istifadə etməklə onlayn təhsilin tətbiqi nəticəsində müvəffəqiyyət dərəcəsini öyrənmək olduqca vacibdir. Bu işdə səmərəli təşkil olunan sistemlərdən istifadə etmək lazımdır. Bəs bu zaman hansı məsələlərə diqqət olunmalıdır? Ətraflı Valeh Anaroğlunun materialında..
Distant təhsil sistemi son dövrün ən aktual məsələlərindəndir. Üstünlükləri olduğu qədər, təşkili ilə bağlı bir sıra önəmli məsələlər də var. Xüsusən də kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən olunması üçün avtomatlaşdırılmış sistemdən istifadə olunması labüddür. Bəs məsələyə təhsil alanların münasibəti necədir?
Nicat Məhərrəmzadə - şagird: Məktəblər bağlı olsa da, mən öz kompüterimlə müəllimlərimlə danışıram, dərslərə davam edirəm. Onlayn kurslar çox faydalıdır. Mən orda iştirak edərək məktəbdən geri qalmıram.
İbrahim Xəlilov - şagird: 9-cu sinifdə təhsil alıram. Onlayn dərslərə normal baxıram. Çünki bu bizim təhsilimizi davam etdirməyə imkan verir və tədrisdən geridə qoymur. Çətinlikləri də ondadır ki, bəzi hallarda insan ilk dəfədən başa düşmür nəyisə. Oxuyan hər şəraitdə oxuyar. Mənə görə bu belədir.
Distant Təhsildə tapşırıqlar, testlər və əlavə materiallar şagirdə elektron variantda internet vasitəsilə göndərilir, şagird də bütün testləri, çalışmaları yerinə yetirərək fərdi qaydada öz biliklərini artırır. Bu baxımdan şagirdlərə və valideynlərinə böyük məsuliyyət düşür. Valideynlər də öz növbəsində çıxış yolunu müəllimlərin yanaşmasında görür.
Sahib Həsənov - valideyn: Nəvələrim Bakıdan bura gəlmişdilər. Hələ də burdadırlar. Bakının təhsil müəssisələri onlayn dərsləri yüksək səviyyədə təşkil etsə də, Gəncədəkilər haqqında o sözü deyə bilmərəm. Çünki digər nəvəm Gəncədə təhsil alır. Onlarınki zəifdir. Məktəbdən, müəllimdən asılıdır. Müəllimlər uşaqlarda maraq yaratmalıdır. Uşaqları cəlb etməlidir. 60% müsbət nəticə verir onlayn dərslər.
Nazim Hüseynov - valideyn: Onlayn dərslərin keçirilməsindən mən də bir valideyn kimi çox razıyam. Bu cür də davam etsə yaxşıdır. Hansı ki, koronavirus ümumi bir bəladır. Cəmiyyətin üzərinə düşüb. Mübarizə aparmaq hamımızın, hər bir vətəndaşın borcudur. Düşünürəm ki, heç bir çətinlik yoxdur. İstər onlayn olsun, istərsə də normal dərs olduqda.
Məsafəli təhsil şagird ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Ancaq bu kənardan asan görünsə də, distant təhsilin çətinlikləri də az deyil. Çətinliklər olsa da, bu təhsil növünün üstünlükləri də var.
Cəfər Cəfərov - müəllim: Tələbələrimiz üçün onlayn qaydada distant təhsilə başladıq. Çətinliklər ondan ibarətdir ki, müəllim kontingentinin bəzən bilik və bacarıqlarının kifayət qədər olmaması, İT-dən düzgün istifadə etməməsi və internet problemi bəzən müəyyən problemlər yaradır. Üstünlüklər də ondan ibarətdir ki, burada vaxt məhdudiyyəti olmur. Tələbələr auditoriyalara gəlmirlər. Vaxt baxımdan problem yaşamırıq. Dərslərdə məcbur şəkildə iştirak etmək məhdudiyyəti yoxdur.
Bu təhsil formasının imkanları genişdir. Dərs zamanı izah olunan materiallar, verilən tapşırıqlarla bağlı şagird müəlliminə sual vermir, bütün proseslər sistemin yaddaşına yazılır. Qaranlıq məqam olarsa, şagird daxil olub rahatlıqla həmin qeydlərə yenidən baxa bilir. Bu məsələdə xüsusi proqram təminatının da öz rolu var.
Sahib İbrahimov - İT mütəxəssis: Distant təhsillə bağlı bir neçə proqram təminatından istifadə olunur. Hal-hazırda ən geniş yayılmış olanı videokonfrans proqramlarıdır. Xüsusilə "Zoom" proqramını vurğulamaq olar. Karantin dövründə ən geniş yayılan və ən geniş tətbiq olunan bu proqramdır. Universitetlər isə açıq kodlu tətbiq olunan "Moodle" proqramından istifadə edir. Bu hamı üçün açıq və ödənişsiz olan proqramdır. Universitetlər də bunu özünə uyğunlaşdıra bilmir.
Məsafəli təhsil proqramı, şagirdlərin təhsili onlayn formada mənimsəməyi üçün çox əla fürsətdir. Bu baxımdan müəllimlərin fədakarlığı, şagirdlərin də çalışqanlığı ilə distant təhsil uğurlu sayıla bilər. Yəni, hər hansı fövqaladə hadisə baş verəndə şagirdlər texnoloji vasitələrdən istifadə edərək, tədrisin axını pozulmadan dərslərə davam etməklə müvəffəqiyyət qazana bilərlər.
Valeh Anaroğlu
- Baxış: 464