• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 20.03.2020 16:58

"Evdə qal" Azərbaycan"!

KepezTV Player

Bütün dünyanı öz təsiri altına alan koronovirusla bağlı yeni xəbərlər eşitməkdə davam edirik. Bu ərəfədə səhiyyə işçilərinin yeganə tövsiyəsi var. İnsanlar zərurət yaranmadığı təqdirdə bayıra çıxmasınlar. Çünki pandemiyaya qarşı hələ də vaksin tapılmayıb və hazırda ən effektiv üsul evdə qalmaqdır.

Məcburiyyət qarşısında qalıb evdən kənara çıxan şəxslər maskadan istifadə etməklə təhlükəsizliklərini müəyyən qədər təmin edə bilərlər. Lakin gigiyena qaydalarına əməl olunması da vacib faktordur. Ən yaxşı alternativ isə sözsüz ki, evdə qalıb, həm özümüzü, həm də digərlərini qorumaqdır.

Aygün Babayeva - psixoloq: Yaxşı olar ki, bütün insanlar ilk növbədə, öz sağlamlıqlarını düşünüb, evdə qalsınlar. Çölə, bayıra maksimum az çıxsınlar. İnsanlar bu şəraitlə, məcbur evdə qaldıqları üçün sıxılmasınlar. Bunu məzuniyyət kimi düşünüb, özlərinə vaxt ayırsınlar, istirahət etsinlər. Evdə faydalı işlərlə məşğul olsunlar. Valideynlər övladları ilə vaxt keçirsinlər. Ünsiyyət qursunlar, stolüstü oyunlar oynasınlar, rəsm çəksinlər.

Psixoloqun sözlərinə görə, keçici müddət ərzində əhvalımızı yüksək tutub, bizi xoşbəxt edəcək fəaliyyətlərlə məşğul olmaq lazımdır. Boş zamanımızı idman və mütaliə etmək ilə dəyərləndirmək tövsiyə olunanlar siyahısında ilk pillədə yer alır.

Qabil Məmmədov - ziyalı: Mən bir ziyalı kimi məcbur qalmadıqları təqdirdə əhaliyə evdən kənara çıxmağı məsləhət görmürəm. Bu bizim sağlamlığımız üçündür. Koronovirus yoluxucu xəstəlikdir. Evdə qalsınlar, valideynlər övladları ilə məşğul olsunlar, kitab oxusunlar, televizora baxsınlar. Asudə vaxtlarını evdə keçirsinlər. Gənclərimiz indi internetdən çox istifadə edir, onu faydalı yöndə işlətsinlər, qohumlarıyla əlaqə saxlasınlar, maraqlı məlumatlar öyrənsinlər.

Unutmaq olmaz ki, bu hal müvəqqətidir, koronovirusdan qorxmaq deyil, ondan qorunmaq lazımdır. Odur ki, “evdə qal” Azərbaycan!