• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 03.03.2020 16:34

İşsizlərin özünüməşğulluğu artır

KepezTV Player

Ötən il Göygöl rayonunda 73 nəfər az təminatlı və imtiyazlı vətəndaş özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb olunub. Onlardan 54-ü aktivlərlə təmin edilərək bizneslə məşğulluğu davam etdirib.  Bu il isə  21 nəfər özünüməşğulluq proqramı çərçivəsində təlimlərə qatılıb.

Xeyrəddin Qurbanov Göygöl rayon sakini:Məşğulluq xidmətinə müraciət elədim, məni qəbul etdilər. Dərslərə getdim və dərs bitəndən sonra 2 yerli cins olan inək aldım. Bu inəklərdən də gün ərzində 9-10 litr süd əldə edirəm. Südü satıb heyvanın yemini, otunu alıram birdə özümüzdə istifadə edirik. Bunu artırmaq istəyirəm.

Ötən il Göygöl rayonunda aztəminatlı və imtiyazlı vətəndaşlara  özünüməşğulluq proqramı çərçivəsində 4 dəfə təlimlər keçirilib. Təlimlərdə iştirak edən 73 nəfərdən 54 nəfəri  müvafiq aktivlərlə təmin edilib və 20 nəfər isə yaxın zamanlara öz aktivini alacaq. Bu il isə iri və xırda buynuzlu heyvanlar almaq üçün rayonun 11 kəndindən 8-i qadın olmaqla 21 nəfər təlimlərə cəlb olunub.  İştirakçılar arasında  3 nəfər əlil, 3-ü şəhid ailəsi və 3-ü isə sosial yardım alanlardır. Onlara biznesin qurulması, biznes planın tərtibi, xərclər və gəlirlərlə bağlı məlumatlar verilir. Təlimlərin sonunda iştirakçılar öz aktivlərini natura şəklində almaq hüququnu qazanacaqlar.

Safurə Hüseynova iştirakçı:Mən məşğulluq mərkəzinə müraciət etdim iri buynuzlu heyvan almaq üçün yazılmışam. İstiyirəm ki, onu alam artıram ailəmi dolandıram. Oğlum mənimlə yaşayır o da mənə köməklik edir.

Elşən Həsənov Göygöl Rayon Məşğulluq Mərkəzinin məsləhətçisi:Ailə məişət şəraitinə baxış keçirilir. Əsasən ünvanlı sosial yardım alanlardan seçilir. Çünki aztəminatlı ailə statusu onlarda var. Əsasən ikinci, üçüncü qrup pensiyaçılar, şəhid ailələri, sağlamlıq imkanları məhdud 18 yaşa qədər olan şəxslər, veteranlar seçilən vətəndaşlardı.

Bundan başqa yaxın günlərdə məşğulluq mərkəzində işsiz kimi qeydiyyatda olan vətəndaşlar üçün də müvafiq kurslar keçiləcək.

Nazim Cəfərov Göygöl Rayon Məşğulluq Mərkəzinin direktoru:Düzgün peşə seçiminə kömək məqsədi ilə yuxarı sinif şagirdləri arasında müvafiq peşə yönümlü təlimlər keçilir. 17 nəfər işsiz vətəndaşın müvafiq peşə hazırlığı kurslarına cəlb olunması üçün bütün sənədlər tərtib edilib və Dövlət Məşğulluq Mərkəzinə göndərilib.

Ümumilikdə isə ötən il Göygöl rayonunda 557-i qadın olmaqla  2022 nəfər iş axtaran  kimi qeydiyyata alınıb. Onlardan 687-i müvafiq göndərişlər əsasında  işlə təmin edilib və 250-550 manat arası maaş alırlar. Hazırda Göygöl rayon Məşğulluq Mərkəzində  868 nəfər işsiz vətəndaş qeydiyyatdadır.