• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1098
— 02.05.2019 16:53

Baldan da qiymətli, tanımadığımız arı məhsulu

KepezTV Player

İlqar Rəhimov Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: “Balın tərkibində minerallar və vitaminlər var. Amma nə qədər var? Çox cuzi. İnsan bir gündə 2 kq bal yesə belə, vitamin və mineral ehtiyacını həmin o iki kiloqram balla ödəyə bilməz. Çünki bal şəkərlərlə zəngindir, karbohidrat qaynağıdır. Amma çiçək tozu zülallarla zəngindir. O protein qaynağıdır”.

Arıçılıq təsərrüfatı ilə məşğul olan şəxslər bildirir ki, əlimdəki bu məshulun faydaları saymaqla bitməz. Təsadüfi deyil ki, bu gün məhz polen dünyanın bir çox ölkəsində ən qiymətli arı məhsulu hesab olunur.

Apiterapiyanın inkişaf etdiyi bütün ölkələrdə  polen istehsal olunur və insanlar bu məhsul haqqında kifayət qədər məlumatlıdırlar. Hazırda dünya üzrə çiçək tozundan ən çox istifadə edən ölkələr siyahısında Rusiya, Ukrayna və Türkiyə də yer alır. Polenin Azərbaycanda tanınması və arıçılar tərəfindən toplanması isə əsasən, son 5 ilə təsadüf edir. Amma hər bir halda, yenə də sözügedən məhsulu tanımayanlar var.

İlqar Rəhimov Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: “Polen çiçəkli bitkilərin erkək orqan hüceyrələridir. Bu məhsul yalnız və yalnız arılar tərəfindən istehsal olunur. Onun insanlar tərəfindən toplanması mümkün deyil. Polen bir proteindir. Bütün vitaminlər, minerallar, mədən duzları polenin tərkibində var. Bu baxımdan polen olduqca zəngin məhsuldur”.

Polen eyni zamanda zülal qaynağıdır. O insan orqanizmi üçün vacib olan 20 amin turşusundan 17-si  ilə zəngindir. Çiçək tozu arının ən qiymətli məhsullarından biridir. Polenin tərkibində bütün vitamin kompleksləri, minerallar, fermentlər, makro və mikroelementlər yer alır.

İlqar Rəhimov Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: “Yetkin bir insanın gündəlik polen qəbulu 20 qrama qədər ola bilər. Bəzi hallarda həmin dozanı 40 qrama qədər artırmaq olar. Amma onun faydasını görmək üçün 4 həftə qəbulu məsləhətdir. İlk həftə 15 qr, səhər yeməkdən qabaq, ikinci və üçüncü həftə 15 səhər, 15 axşam olmaqla, 30 qr, dördüncü həftə isə birinci həftədə olduğun kimi 15 qram qəbul etmək olar”.

1-2 ay fasilə vermək şərti ilə, kursa yenidən davam etmək mümkündür. Qaraciyər və böyrəklə bağlı sağlamlıq problemləri istisna olmaqla, polenin qəbulu bütün mövcud xəstəliklərdə tövsiyə olunur. Onu təyin olunan kursa  əməl etmədən də, bütün ömür boyu istifadə etmək olar. Səhər yeməyindən öncə, 10-15 qramdan artıq olmamaqla.. Amma çiçək tozuna qarşı allergiyası olan insanlara birmənalı olaraq, polen qəbulu məsləhət görülmür. O ki, qaldı onun saxlanma vəziyyəti və müddətinə.

İlqar Rəhimov Azərbaycan Arıçılar Assosiasiyasının üzvü:“Poleni yaş halda dərin dondurucuda -18 dərəcədə saxlamaq lazımdır.  Onu saxlamaq müddəti yaş halda 18, qurudulmuş halda isə 12 aydır. 38-42 dərəcə temperaturu keçməmək şərti ilə o xüsusi apartalarda qurudulur., sərin və qaranlıq yerdə saxlanılır”.

Polenin toplanması arıçılar tərəfindən il ərzində 1 dəfə həyata keçirilir. Təsərrüfat sahibləri bildirir ki, ötən illə müqayisədə bu il məhsuldarlıq bir o qədər də ürəkaçan deyil. Bu isə yaz fəslində müşahidə olunan qeyri-sabit, əlverişsiz hava şəraiti ilə əlaqədardır.