Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi narkotik vasitələr aşkarlayıb. Sentyabrın 28-də Astaranın Şahağacı kəndi istiqamətində naməlum üzmə vasitəsi aşkar olunub və hərəkəti nəzarətdə saxlanılıb.Aşkar olunmuş üzmə vasitəsi qısa müddət ərzində Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsini tərk edib. 30 sentyabrda 2 nəfər heyət üzvü ilə rejim sularına çıxan taxta qayığın həmin koordinatlara yaxınlaşması müəyyən edilib. Qayıq sahilə yan alarkən sərhədçilərə tabesizlik göstərərək dənizdə sahildən 200 metr məsafədə manevrlər edib, hərəkət zamanı qayıqdan 2 ədəd bağlama suya atılıb. Qayığın heyət üzvləri – Astara rayon sakinləri 41 yaşlı Ramin Şabanov və 23 yaşlı Niyaz Əlizadə saxlanılıb, dənizə onlar tərəfindən atılmış 2 ədəd bağlama aşkar olunaraq götürülüb. Bağlamalarda ümumi çəkisi 2 kq 200 qram olan heroin olması müəyyən edilib. Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.
- Baxış: 487