Sumqayıtda iki nəfər birləşərək, bir nəfəri döyüb. Güc tətbiq edən şəxslərdən biri silaha da əl atıb. İlkin ehtimalla səbəb söyüşdür.
Sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub. Anar Tağızadə ilkin ifadəsi zamanı zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nəlayiq ifadələr işlətdiyini və bu səbəbdən də onu tanışı Qabil Əliyevlə birlikdə döydüyünü etiraf edib.
Anar Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisə zamanı istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb. Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 480