Siflis, göbələk, vərəm. Sadaladığımız bu xəstəliklər həm də göz xəstəlikləridir. Bu xüsusilə körpələr dünyaya gələrkən anada olan infeksiyaların uşağa keçməsi nəticəsində baş verir. Ona görə həkimlər anaları diqqətli olmağa, hamiləlik zamanı mütləq həkim nəzarətindən keçməyi, övladı dünyaya gəldikdən sonra isə körpəni göz həkiminin də müayinəsindən keçirməyi məsləhət görürlər.
Teymur Həsənov- uşağın atası: “Bir aydır bura gətirdiyim. Gözündən mirvari suyu gəlirdi. Görmürdü. Övladım yaxşı müalicə aldı. İndi görür”.
Uşağın gözündə qızartı, yaş axma, çirk və digər bir dəyişiklik varsa valideyn pediatra deyil, hökmən göz həkiminə müraciət etməlidir. Çünki elə xəstəliklər var ki, vaxtında müalicə aparmadıqda ağır fəsadları ola bilir. Bunlardan biri də uzun illərdir körpələr arasında daha çox rast gəlinən qonoblennoreyadır.
Səidə Mustafayeva- Gəncə şəhər Oftolmoloji Xəstəxanasının şöbə müdiri: “Bütün bu xəstəliklərin hamısı doğuş yollarından dünyaya gələn uşağın konyuktiva kisəsinə düşür və onu yoluxdurur. 2-3 gündən sonra gözdən çoxlu miqdarda çirkli ifrazatın axmağı müşahidə olunur. Həmin ifrazat axan zaman göz qapaqları şişir. Göz alması bərkiyir. Konyuktiva o dərəcədə şişir ki, gözün buynuz qişasının qidalanmsını çətinləşdirir və göz məhvə doğru gedir”.
Deməli, körpələr əsasən təbii yolla dünyaya gələndə xəstəliklə yoluxa bilər. Ona görə mütləqdir ki, elə xəstəxanada olarkən uşağın gözünə müəyyən olunan dərmanlardan tökülsün. Bu işdə analar diqqətli olmalıdır.
Şahin Ələsgərov- Gəncə şəhər Regional Perinatal Mərkəzin şöbə müdiri: “Bu infeksiyaların qarşısını almaq üçün əvvəllər albusit deyilən dərmandan istifadə olunurdu. İndi lazım olanda profilaktik məqsədlə tetrasiklin məlhəmindən istifadə olunur ki, onlarda göz qişalarının iltihabı xəstəlikləri olmasın”.
Bundan əlavə rayon və kənd yerlərində gələcək valideynlərin həkim müayinəsinə ya gec, ya da heç müraciət etməməsi də körpələrdə göz xəstəliklərinin yayılmasına səbəb olur.
Şahin Ələsgərov- Gəncə şəhər Regional Perinatal Mərkəzin şöbə müdiri: “Bütün hallarda olmur. Əsasən Gəncə, Bakı şəhərlərində qadınların uşaqlıq yolundan yaxma götürüb müayinə olunması halları var. Amma rayonlarda bu hələ yayılmayıb. Yəni görüləsi işlərimiz çoxdur”.
Qeyd edilən xəstəliklərlə yanaşı, körpə uşaqlarda göz yaşı kanalının darlığı da ola bilər. 1 yaşa qədər bu masaj və müəyyən müalicə ilə keçə bilər. Əgər problem həll olmasa cərrahi müdaxilə ilə aradan qaldırılır.
Səidə Mustafayeva- Gəncə şəhər Oftolmoloji Xəstəxanasının şöbə müdiri: “Yeni dünyaya gəlmiş uşaqlar hökmən göz həkiminin müayinəsindən keçməlidir. Ona görə ki, bu uşaqların gözünün qatları, bülluru, görməsi, göz dibi, bunların hamısı erkən olaraq yoxlanmalıdır. Göz dibi və büllurda hər hansı anadan gəlmə qüsurla doğula bilər. Ona görə vaxtında müayinə olunmalıdır”.
Oftalmoloq körpəni ilk dəfə doğum evində müayinə etməlidir. Bundan sonra 3, 6 aylığında və 1 yaşında, daha sonralar isə ildə 1 dəfə, həmçinin mütləq məktəbə getməmişdən qabaq təkrar oftalmoloqa göstərmək lazımdır. Çünki ilkin uşaq yaşlarında görmə orqanlarının xəstəliklərinin təyini və müalicəsi daha asan olur.
Jalə Qurbanova
- Baxış: 15362