• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 02.09.2024 18:05

Əcnəbi mütəxəssislər regionun voleybol məşqçilərinə seminar keçib

KepezTV Player

“Milli İdman Sistemlərinin İnkişafı” proqramı çərçivəsində Gəncədə voleybol məşqçiləri üçün seminar keçirilib. Təlim Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Seminar region çalışdırıcılarının bilik-bacarığını, təcrübəsini artırmaq üçün təşkil edilib.

Uşaq voleybol məşqçiləri üçün təşkil edilən seminarda Gəncə ilə yanaşı, ətraf şəhər və rayonları təmsil edən 29 məşqçi-müəllimi iştirak edib. Nəzəri və praktik dərslərdən ibarət təlimi beynəlxalq voleybol federasiyasının təlimatçısı və məşqçi instruktoru keçiblər. Seminarda həm qız, həm də oğlan voleybolçularla çalışan məşqçilərə voleybola yeni başlayan uşaqlarla düzgün işləmə metodları, son illər voleybol qaydalarında tətbiq edilən dəyişikliklər, sistem və taktiki yeniliklər haqqında ətraflı məlumat verilib. Zalda keçirilən praktiki məşğələlərdə təcrübələrini bölüşən təlimçilər voleybolçularla birlikdə məşqçilərə məşqlərin texniki təşkili barədə lazımi göstərişlərini veriblər.

Athanasios Papageorgiou- FIVB-nin təlimatçı-eksperti: “Hər şey çox yaxşı səviyyədədir. İştirakçıların çoxusu gəncdir, bu, məni çox sevindirir. Regional Voleybol Assosiasiyası düzgün çalışır. Milli voleybol proqramının çox yaxşı işlədiyini söyləyə bilərəm. Seminarımızı Gəncədən başladıq. İştirakçıların verdikləri suallardan anlamaq olur ki, voleybolla bağlı bilgiləri çoxdur. Normalda bu seminar 1 həftə davam etməlidir. Amma düşünürəm ki, bu 1 günlük təlim də Azərbaycan voleyboluna çox şey qazandıracaq. İnanıram ki, bu məşğələlər uğur əldə etməyə yardımçı olacaq”.

Proqramın davamlı olması üçün yeni addımlar da atılacaq. Gələcəkdə az xərclə, regionlara gəlmədən seminarların onlayn qaydada daha tez-tez təşkil edilməsi planlaşdırılır.

Cengiz Akarçeşme- FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri: “Həqiqətən gəlib-getmək, iştirakçıları toplamaq çox çətin və məsrəfli olur. Buna görə onlayn portalda hamının məlumatlarını toplayırıq. Bu informasiyaları daha sonra edəcəyimiz onlayn təlimlərlə dəstəkləyəcəyik, ara vermədən davam etmək lazımdır. Biz nə qədər gənc idmançı aşkar etsək, onları bir o qədər doğru öyrətməklə əsas məqsədimiz Azərbaycan yığma komandasında oyunçu sayını artırmaq və onları ən yüksək nöqtəyə qaldırmaqdan ibarətdir”.

Məşqçi müəllimlər üçün seminarlar Bakıda da keçiriləcək. Paytaxtda uşaq çalışdırıcılarıyla yanaşı, yüksəl liqa və çimərlik voleybolunda çalışan məşqçilər üçün də təlimlərin təşkili nəzərdə tutulub.

Orxan Cəfərzadə