• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 01.09.2024 12:27

Azad olunmuş ərazilərdə ilk dəfə parlament seçkiləri keçirilir

KepezTV Player

Növbədənkənar parlament seçkiləri 122 saylı Xankəndi seçki dairəsinin Xankəndi şəhərindəki keçmiş mərkəzi inzibati binada yaradılmış 14 saylı və Kərkicahan qəsəbəsindəki 15 saylı məntəqələrdə seçicilərin ruh yüksəkliyi və fəallığı ilə davam edir. Ərazidəki seçicilər məntəqəyə gələrək istədikləri namizədlərə səs verirlər.

Milli Məclisə növbədənkənar seçkilər çərçivəsində Şuşada da səsvermə seçici fəallığı şəraitində davam edib. Seçicilər 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə yerləşən 46 saylı məntəqədə öz səslərini layiq bildikləri namizədə veriblər.  

Növbədənkənar seçkilərlə bağlı işğaldan azad olunan Laçında seçicilərin səs verməsi üçün 6 məntəqə fəaliyyət göstərib. Laçın sakinləri yüksək əhvali-ruhiyə ilə səhər saatlarından başlayaraq məntəqələrə üz tutublar. 121 saylı dairə üzrə 110 seçki məntəqəsi var. Bunlardan 6 seçki məntəqəsi işğaldan azad olunan Laçında yerləşir. 105 və 106 saylı seçki məntəqəsi Laçın şəhər mərkəzində, 107 saylı seçki məntəqəsi Zerti kəndində, 108 saylı məntəqə Zabuxda, 109 saylı məntəqə Qorçuda, yeni yaradılan 110 saylı seçki məntəqəsi isə Sus kəndində fəaliyyət göstərib.

Zəngilan rayonunun Ağalı kəndində səsvermə seçici fəallığı şəraitində keçib. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə Zəngilan və Qubadlı rayonlarında 5 seçki məntəqəsi yaradılıb. Ağalı kənd sakinləri həmin seçki dairəsinin 33 saylı məntəqəsində səs veriblər.

Növbədənkənar parlament seçkilərində işğaldan azad edilən Füzuli şəhərində də seçici fəallığı müşahidə olunub. Füzuli şəhəri M.Uluqbəy adına 1 saylı orta məktəbdə fəaliyyət göstərən 84 saylı Füzuli seçki dairəsinin 75 saylı məntəqəsində seçicilər öz səsvermə hüquqlarından istifadə ediblər.