Prezident İlham Əliyev Şuşada Türkiyə xarici işlər naziri Hakan Fidanı qəbul edib. Bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlanıb, bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyə dövlət başçısının Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin vitse-prezidentinin təmsil edəcəyi vurğulanıb. Söhbət zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edilib.
Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri Türk dünyasıdır. Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbulu zamanı deyib. Təşkilatın dövlət başçılarının sabah Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə toxunulub. İmzanacaq Qarabağ Bəyannaməsinin tarixi xarakter daşıdığını bildirib. Prezident İlham Əliyev COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqlim dəyişikliyi məsələlərinə dair müxtəlif təşəbbüslərlə çıxış etməsinin və birgə tədbirlərin keçirilməsinin önəminə də toxunub.
Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı da qəbul edib. Ersin Tatar Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə toplantıları ilə bərabər, qeyri-rəsmi Zirvə toplantılarının keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib. Bunun mütəmadi xarakter alacağına, Türk dövlətləri arasında əməkdaşlığın və tərəfdaşlığın daha da inkişafına əsaslı töhfə verəcəyinə əminliyini bildirib. Zirvə toplantısının nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti kimi çox aktual məsələlərə həsr olunduğu vurğulanıb.
Vüsalə Cənnətova
- Baxış: 485