• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 24.05.2024 18:18

Azərbaycan sərhədçiləri Qazaxın 4 azad edilən kəndini nəzarətə götürüblər

KepezTV Player

Azərbaycan sərhədçiləri Qazaxın 4 azad edilən kəndini nəzarətə götürüblər. Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidməti məlumat yayıb. Mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib. Protokol razılaşdırılıb və Komissiyaların müvafiq Protokolu imzalanıb. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin olunub. Bu gün kəndlərdə Azərbaycanın Dövlət bayrağı ucaldılıb. Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib. 

Ekspertlərin fikirincə bu prosesin uğurla başa çatması iki ölkə arasında etimad mühiti formalaşdırır. 

Azər Bayramov- hərbi ekspert: “Uzun illərdən sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası və sərhəd dirəklərinin quraşdırılması müsbət haldır. Bu, gələcəkdə sülh sazişinin imzalanması və münasibətin normallaşması üçün ən vacib elementlərdən biridir”.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iki ölkə arasında müəyyənləşən ilk sərhəd xətti sayılan Qazaxda xidmətə başlaması Bakı və İrəvanın vasitəçisiz danışıqlarının növbəti uğuru sayılır. Bir daha sübut olunur ki, tərəflər danışıqlar yolu ilə problemlərin həllinə nail ola bilərlər. Rəsmi Bakının sülh danışıqlarının və delimitasiya ilə bağlı prosesi vasitəçilərsiz, üçüncü tərəf olmadan aparılması təklifinin effektivliyini sübut edir.

Taleh Əliyev- siyasi şərhçi: “Uğurlu nəticələrə varılması onu göstərir ki, bundan sonra da Azərbaycanla Ermənistan rejionda geosiyasi marağı olan qüvvələrin maraqlarına xidmət etmədən sülh danışıqlarını uğurla davam etdirəcəkdir, bundan sonrakı danışıqların predmetini - digər 4 anklav kəndin Azərbaycana qaytarılması, o cümlədən Zəngəzur dəhlizinin bərpa edilməsi və işə salınmasının irəliləyən zamanda şahidi olacağıq”.

Qazaxın 4 kəndinin dinc yolla qaytarılması Azərbaycanın 44 günlük Vətən Müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi anti-terror tədbirləri ilə əldə etdiyi zəfərin davamıdır.

Pərvin Abbaszadə