• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 15.05.2024 20:09

Köhnələn borunun yaratdığı kanalizasiya problemi

KepezTV Player

Gəncənin Üzeyir Hacıbəyli küçəsi, bina 25-də yaşayan sakinlər yaşadıqları kanalizasiya problemi ilə əlaqədar televiziyamıza müraciət ediblər. Şikayətçilər borular köhnəldiyindən çirkab suların binanın zirzəmisinə dolduğunu bildiriblər. Əməkdaşlarımız vəziyyətlə yerində tanış olublar. 

Binanın zirzəmisi ağzına qədər su ilə dolu, ətraf isə üfunət qoxuyur. Hətta çikab suların səviyyəsi o həddə çatıb ki, binanın 1-ci mərtəbəsində olan mənzillər də nəm çəkir. Üzeyir Hacıbəyli küçəsi, bina 25-də yaşayan sakinlərin sözlərinə görə, problemlə bağlı bir sıra qurumlara müraciət etsələr də, tədbir görən yoxdur.

Alidə Axundova- bina sakini: “Burda iydən durmaq mümkün deyil. Evlərimizə qoxu dolur, evlərimizə həşəratlar dolur. Burdan keçə bilmirik. Taksi çağırırıq, gəlmir ki, ora giriləsi yer deyil. Qoxudan da evlərə girmək mümkün deyil”.

Qumru Həsənova- bina sakini: “25-ci binanın arxasında kanalizasiya daşıb, biyabırçı haldadır. Bunların hamısı zirzəmiyə axır. Gedək bizim bloka, girin, görün orda qoxu necədir. Üfunət qoxusundan binanın dəhlizinə girmək mümkün deyil. İndidən ağcaqanadlar evlərə dolub. Bunun özü də xəstəlikdir, hamısı da körpəlidir. Belə olmaz axı”.

Mahizər Quliyeva- bina sakini: “Mən birinci mərtəbədə yaşayıram. Kanalizasiya dağılıb. Evimizin içini iy götürür. Bu dəqiqə bizim evin içi nəm çəkir. Evdə körpə uşağımız var. Mən xəstə adamam, yaşaya bilmirəm burda. Hara şikayət etsək də, heç kim gəlib baxmır, maraqlanmırlar”.

Sakinlər mövcud antisanitar vəziyyətin tıxanmalardan çox boruların köhnəlməsindən qaynaqlandığını deyirlər. 

Firuddin Əkbərov- bina sakini: “Qoxu mənim evimə qalxır. Kanalizasiya məsələsidir. Sular tökülür, çağırırıq Su idarəsindən, kanalizasiyadan gəlirlər, bir-iki nəfər girir, boruları taxır, çıxır gedir. Sonra yenə axır. Qabaq tərəflər tutulub, su getmir. Ya içəridən tamam dəyişsinlər, ya çölə çıxarsınlar, ya da bir tədbir görsünlər”.

Nizami Hüseynov- bina sakini: “Kanalizasiya bərbad gündədir, su sistemi bərbad gündədir. Axan kanalizasiya suları yollarımızı da bərbad günə salır. Zirzəminin - bütöv binanın altı boyuncadır. O da boru sistemi bərbad olduğuna görə, tab gətirə bilmir və nəticədə kənara sızma baş verir”.

Emil Quliyev- bina sakini: “Kanalizasiya binanın altına - evimizin altına axır. Çox pis vəziyyətdədir. Pis qoxu gəlir, baxan yoxdur. Neçə dəfə müraciət etmişik, amma baxan yoxdur. Borular xarab olub, yəqin yenisi ilə əvəz olunmalıdır”.

Sakinlərin şikayətini aidiyyatı quruma çatdırmaq istəyirdik ki, çəkilişdən xəbər tutduqlarından özləri əraziyə gəldilər. Zirzəminin çirkab sularla dolmasına rəğmən problemi aradan qaldırmaq üçün fəaliyyətə keçdilər. Problemin yaranması isə bəzi sakinlərin səhlənkarlığı, eləcə də istismar müddətini başa vuran borularla bağlıdır.

Azər Məmmədov- Gəncə Sukanal TSC-nın əməkdaşı: “Məlumat daxil oldu bu gün və yerində bizim qəza-bərpa xidmətinin əməkdaşları həmin əraziyə yaxınlaşdılar, yerində araşdırıldı ki, burada tullantı sularının içərisinə müəyyən əşyalar tullayırlar, kanalizasiya sistemlərinin qarşısı tutulub və boru yerindən çıxıb, zirzəmiyə axır”. 

Görünən odur ki, çirkab su borularına məişət tullantıları atılması, sonda elə bina sakinlərinin özləri üçün problem yaradır. Boruların köhnə olması isə vəziyyəti daha da çətinləşdirir. Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətindən aldığımız məlumata görə, yaranan problem atrıq tam aradan qaldırılıb. Əgər köhnələn borular yenidən çəntinliyə səbəb olmasa.  

Pərvin Abbaszadə