Prezident İlham Əliyev Füzuli, Şuşa, Laçında olub. Dövlət başçısı Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdə mühüm məqamlara toxunub.
Prezident İlham Əliyev Füzulidə Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib. Köndələnçayın məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr, hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib. Azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında təmir-bərpa işləri həyata keçirilib. Məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsidir.
Dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, yolboyu inşa edilmiş birinci tunelin açılışında iştirak edib. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Ümumi uzunluqları 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında qazma işləri artıq yekunlaşıb. Yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir. Dövlət başçısı ümumi uzunluğu 6747 metr olan birinci tunelin açılışını edib. Daha sonra Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda dördüncü tunelin giriş və çıxış hissələrinə baxış keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlət başçısı və birinci xanım Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə də tanış olublar.
Bundan başqa, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə bağlı məlumat verilib.
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Şirin su hamamının bərpadan sonra açılışını ediblər.
Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq da olub.
Bu gün həmçinin Prezident və birinci xanım Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Bundan başqa, Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında olublar. İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Dövlət başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olublar.
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşüblər. "Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və xalqımıza hörmət edirlər. Öz haqqımızı kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik.", deyən dövlət başçısı Şuşasız müharibənin uğurla başa çatmasının mümkün olmadığını bildirib. Doğma şəhərə qayıdış münasibətilə şuşalıları təbrik edən Prezident Şuşanın yeni tarixinin başladığını diqqətə çatdırıb.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək”.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun bu reallıqları görmək, işğala son qoymaq olduğunu qeyd edən Prezident İlham Əliyev məhz onun fəaliyyəti nəticəsində inkişaf yoluna qədəm qoyduğumuzu vurğulayıb.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib, onu hakimiyyətə dəvət etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. O vaxt - 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və biz heç vaxt o atəşkəslə barışa bilməzdik, nə mənim atam, nə də mən. Onun ömrü bu günü görməyə çatmadı. Biz - onun davamçıları, onun və Azərbaycan xalqının arzularını çin etdik və tarixi Zəfər əldə etdik. Düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar. Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir. "Heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik", - deyən Prezident İlham Əliyev Azərbaycanın iradəsi kənarında bölgədə heç bir məsələnin həll olunmayacağını da diqqətə çatdırıb.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, Sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.
Bu gün Azərbaycan Prezidenti Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə də tanış olub.
Prezident Şuşanın Turşsu qəsəbəsinin təməlini qoyub.
Dövlət başçısı Laçının Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.
Vüsalə Cənnətova
- Baxış: 354