Düzgün qidalanma, sadəcə sağlam yaşam demək deyil. Həmçinin idman nailiyyətlərinin əldə edilməsinə, dözümlülüyün artırılmasına, cəldliyə, əzələ kütləsinin artırılmasına birbaşa təsir edən amildir. Qış fəslində idmançıların düzgün qidalanması da bu baxımdan vacib sayılır.
Əlbəttə qış fəslinin gəlişi ilə qida rasionumuz da istər-istəməz dəyişir. Bu, orqanizmin təbii hərarətinin normada saxlanılması üçün tələb olunan zülallara ehtiyacın artmasından, günəş şualarının qıtlığından, vitamin əksikliyi səbəbindən irəli gəlir. Bu çatışmazlıqları aradan qaldırmaq üçün idmançılar qidalarına diqqət yetirmək məcburiyyətindədirlər. Gəncənin müxtəlif idman məktəblərində fəaliyyət göstərən təcrübəli müəllimlərdən yetirmələrinə bu məsələ ilə bağlı hansı tövsiyələr etdiklərini öyrəndik.
Şahin Nik-Nicat- Əməkdar məşqçi: “Biz məsələn, idman məktəbində işləyirik deyə idmançı uşaqlarla çox təmasda oluruq. Onlar məktəbdən gələndə, valideynləri çalışıb onlara əsasən alma, kök, bir də pazı, çuğundur şirəsi verməlidirlər. Bunun üçünü bir yerdə etsələr daha qüvvətli olar, çünki bu şirə uşaqlarda immuniteti möhkəmləndirir. Qüvvətli yeməklər mütləq olmalıdır. Ət yeməyi və yenə də ət yeməyi olmalıdır. İmkan dairəsində, gücümüz çatdığı qədər. Yaxşı olar ki, sitrus da əlavə olunsun. Portağal şirəsi, bananla qatılmalı, imkan dairəsində bunlar mütləq olmalıdır”.
Hüseyn Allahverdiyev- məşqçi: “Mövsümdən asılı olmayaraq hər bir idmançı yaxşı qidalanmalıdır. Bir də bunların rasionunda kalsi də çox olmalıdır. Çünki cüdo elə bir idman növüdür ki, burada sümüklərə də təzyiq düşür. Elə bir zədəli də idman növü deyil. Əksinə. Yəni sümüklərə daima güc düşür. Və uşaqların sümükləri möhkəm olmalıdır, zədələrdən, sınıqlardan, çatlardan uzaq olsunlar deyə, ağartı məhsullarından istifadə eləsələr məsləhətdir”.
İdmançı orqanizminin tələbatının tam ödənilməsi üçün qida əlavələrinə də ehtiyac duyulur. Lakin qida əlavəsi dedikdə çoxları onları steroidlə səhv salır. Qida əlavələri bir çox peşəkar idmançının əvəzolunmazıdır. Məsələn elə D vitamini.
Rüfət Ağayev- dünya və Avropa çempionu: “Qış mövsümündə çalışıb D vitaminindən istifadə etmək lazımdır, əsasən kişilər üçün sinkdən istifadə etmək lazımdır. Mən də bu hadisələrlə tez-tez rastlaşıram. Müəyyən valideynlər, müəyyən təcrübəsi olmayan uşaqlar müraciət edirlər: “Yox, mən dərman istifadə eləmək istəmirəm”. Bu, bir mifdir. Bu idman qidaları tamamilə təhlükəsiz sağlam qidalardır. Onların tərkibində bir damcı steroid və ya hormonal preparat olsa, müəyyən idmançılarımız var ki, onlardan istifadə edib yarışlara gedirlər. Və həmin o yarışlarda da dopinq testlər olur. Yoxlayırlar. Və belə halda problem yarana bilər. Təbii ki, federasiyalar istəməz ki, atletlər tərkibində hormonal preparat olan vasitələrdən istifadə etsinlər”.
Rəşid Əlyarov- idmançı: “Əsas yeməklərimdə qatqılardan istifadə etdiklərim balıq yağıdır, məsələn gündəlik vitamin E-dir, yəni bütün kişi cinsinin nümayəndələrinə şamil olunur E vitamini. Bir də ən əsası qışda məsləhət görürəm multivitamin kompleksi qəbul etsinlər. Keyfiyyətlisini”.
Yəni bütövlükdə götürsək, idmançıların qış mövsümündə vitaminlərə və minerallara olan tələbatı sağlam insan tələbatlarına uyğundur. Sadəcə, fiziki aktivlik nəticəsində mikroelementlərin itirilmə faizi artır. Yetərincə qəbul olunmadıqda isə müəyyən problemlərə yol açır. Odur ki, qədərində qida əlavələrini də nəzərdən keçirmək məsləhlət görülür.
Ramin Paşayev
- Baxış: 168