Qaydalara riayət olunmasına hakimlər cavabdeh olsa da, bəzi qaydalar var ki, idmançının öz vicdanına buraxılır, yəni onun insani keyfiyyətlərinə həvalə olunur. İngilis dilindən tərcümədə “ədalətli oyun” anlamına gələn “fair-play”ın əsas prinsipləri rəqibə, hakimlərin qərarlarına və qaydalara hörmət, dopinqdən və ya digər qadağan olunmuş stimullaşdırıcılardan istifadə etməmək, bərabər imkanlara sahib olmaqdır. Eləcə də yarışın əvvəlində hər bir iştirakçı üçün bərabər qələbə imkanı yaratmaq, düzgün davranmaq, yəni emosiyalara hakim olaraq istənilən nəticəni qəbul etməkdən keçməlidir. Bu qaydalara riayət edən idmançılar və məşqçilər üçün hətta təşviqedici mükafatlar da təsis olunub. Belə bir mükafata “Qarabağ”-ın baş məşqçisi Qurban Qurbanov da layiq görülüb və Azərbaycanın idman tarixinə düşüb. O, UEFA Konfrans Liqasının “Qarabağ” – “Marsel” oyununda əllə vurulan qolu ləğv etdirməklə fair-play nümunəsi göstərib.
Taleh Məmmədov- hakim: “Fair-play qaydasını ən çox futbol meydanlarında görürük. Ümumiyyətlə fair-play qaydası vicdani məsələdir. Qurban Qurbanov amilini nümunə gətirmək olar ki, bu, nəyinki Azərbaycanda, bu, dünya arenasında alqışlandı. Buna görə də biz məsləhət edərdik ki, oyunçular, uşaqlar fair-play qaydasından istifadə etsinlər”.
“Kəpəz” klubunun təcrübəli oyunçusu və komandanın kapitanı Vurğun Hüseynov da fair-playdən yanadır. Amma ədalətin birtərəfli olmasının əlehinədir. Çünki meydanda 2 tərəf var.
Vurğun Hüseynov- "Kəpəz"in kapitanı: “Təbii ki, meydanda olan meydanda qalır. Mən düşünürəm ki, meydanda olanı kənara daşımaq düzgün deyil. Azərbaycanda təcrübəli 4, 5 futbolçudan biriyəm ki, komandada oynayıram. Mən də əlimdən gələni edirəm ki, təcrübəmdən futbolçulara aşılayım. Düşünürəm ki, mənim yanımda olan futbolçular da, inşallah, meydanda olan hadisələri kənara daşımazlar”.
Gəncə Basketbol Klubunun amerikalı legioneri Kenyon Dulinq də fair-play haqda bildiklərini bizimlə bölüşdü. Görəsən, basketbolçunun karyerasında fair-play ilə bağlı yaddaqalan hadisə baş veribmi?
Kenyon Duling- basketbolçu: “Düşünürəm ki, basketbol üçün də fair-play böyük anlam kəsb edir. Şərəfli və ləyaqətli olmaq çox vacibdir. Matça çıxanda hər kəs qələbə qazanmaq istəyir, ancaq bunu, doğru yolla əldə etməlisən. Rəqibə hörmət nümayiş etdirərək qələbə qazanmalısan. Əlbəttə, belə hadisələrlə çox rastlaşmışam. Məsələn, oyunların birində komanda yoldaşım zədələndi və yerdə qaldı. Hakim oyunu davam etdirdi, əslində isə qarşılaşmanı dayandırmalı idi. Çünki vaxtında olunan tibbi yardım vacibdir. Belə hallarda hər iki komandanın düzgün davranması lazımdır”.
Fair-play idmanın bütün növləri üçün xarakterikdir. Burada fərdi və ya komanda oyununa fərq qoyulmamalıdır.
Asif Məmmədov- boks hakimi: “Bəzən elə olur ki, boksçular zərbəni hiylə ilə vururlar. Yan-çəpəki zərbəni vuranda dirsək ilə vururlar. Elə momentlər olur ki, boksçu hətta nokdaun və ya nokaut halına düşür. Hakim bunu görmür, və təəssüflər olsun ki, belə hallarda da qələbə verilir qayda pozan boksçuya”.
Bəli. Qarşıdurma, mübarizə öz yerində. İdmanı da bizim üçün baxımlı edən məhz sağlam rəqabətdir. Bu səbəbdən Müasir Olimpiya oyunlarının təsisatçısı və Beynəlxalq Olimpiya Komitəsinin ilk prezidenti Pyer De Kuberten idmançıların hiylələri və qeyri-idman davranışları nəticəsində 1920-ci ildə Antverpendə keçirilən Olimpiya oyunlarında idmançıların Olimpiya Andını vacib bilib. İdmançılar Olimpiya dəyərlərini nə qədər yüksək tutsa, o qədər də idman cəlbedici və əyləncəli hesab edilə bilər.
Ramin Paşayev
- Baxış: 276