• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 15.01.2024 12:58

Mebel sexində 3 nəfərin meyiti aşkarlanıb, 24 nəfər xəsarət alıb, cinayət işi açılıb

KepezTV Player

Binəqədi rayonu, Kunanbayev küçəsində yerləşən mebel sexində baş verən partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Sexdəki yanğın tam söndürülüb. Xüsusi Riskli Xilasetmə Xidmətinin təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı aparılıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatına görə, ilkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir. Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Baş prokurorun müavini Elmar Camalov, Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerində olublar. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb. İstintaqın aparılması Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub. Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.