Təlimə 8-13 yaşlı gimnastlar qatılıblar. Paytaxtda təşkil olunan hazırlıq prosesinə Nizami Yurdundan məşqçi Nurcahan Əliyevanın rəhbərliyi altında 10 idmançı yollanıb. Hazırlığın təşkilində əsas məqsəd regionlarda gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının daha da artırılması olub.
Nuracahan Əliyeva- məşqçi: “Bu təlim-məşqlərin bizim üçün çox böyük xeyri var. Artıq ikinci dəfə idi iştirak edirdik. Qabaqdan gələn yarışlar üçün və ümumi olaraq uşaqların inkişafı üçün çox böyük rol oynayır”.
Gənc mütəxəssis hazırda gimnastikaya şəhərimizdə marağın yüksək olduğunu bildirib. Çox sayda uşaqların öz israrı ilə bu idman növünə yazıldıqlarını dilə gətirib.
Nuracahan Əliyeva- məşqçi: “Uşaqlar çox həvəslidirlər. Hətta çox uşaq özü valideynlərini məcbur edir ki, bədii gimnastikaya yazılsınlar”.
Toplantıların nəticəsində Gəncədən milli komandaya namizədlərin olacağı danılmazdır. Çünki hazırda Gəncədə fəaliyyət göstərən idman ocaqlarının bədii gimnastika bölmələrində bir çox istedadlı gimnastlar məşq edir.
Nazlı Məmmədzadə- gimnast: “Mən, 3 yaşımdan bədii gimnastikaya gedirəm. Bu idmanı çox sevirəm. Bu yaxınlarda beynəlxalq yarışda topla hərəkətlərdə 3-cü yer qazanmışam”.
İlknur Məmmədli- gimnast: “Mənim 9 yaşım var. Bu idmanla 2 ildir məşğul oluram. Biz, Bakıda təlim-məşqə getmişdik. Masallı və Lənkəran idmançıları ilə bir məşq edirdik. Mənim rəqsimə təzə elementlər əlavə elədilər. Biz bu yaxınlarda yarışlara hazırlaşırıq”.
Qarşıda isə zərifləri “Xəyallara bir addım” adlı region birinciliyi gözləyir. Yarış dekabrın 22-də Bakıda keçiriləcək.
Ramin Paşayev
- Baxış: 201