“Boş zaman yoxdur, boşa keçən zaman var. Və bu zamanı dəyərləndirmək bizim öz əlimizdədir. Son vaxtlar gənclərin əksəriyyəti “vaxtım çatmır”, “24 saat mənə bəs etmir” – deyə şikayətlənirlər. Bəs səbəb nədir? Nə üçün gənclər 25-ci saat axtarışındadırlar? ”Elə-belə deməyiblər ki, vaxtından düzgün istifadə edə bilməyən adam, həmişə onun yel kimi uçmasından gileylənir. Bəzən hədəfi və məqsələri olmayan insanların zamanlarını nəyə xərclədiklərindən xəbəri olmur. Sonra da “niyə uğursuzam?” deyirlər. Məsələ burasındadır ki, istər təhsil al, istərsə də hər hansı bir işdə işlə fərqi yoxdur, vaxtı düzgün şəkildə bölüb, önümüzə hədəf qoymalıyıq. Məsələn, bir gənc olaraq mən işdə keçirdiyim vaxtı yetərincə dəyərləndirib, həmin gün məsuliyyətimdə olan öhdəlikləri bitirməliyəm ki, nəticədə işlər üst-üstə yığılmasın. Buna görə də, planlı olmaq şərtdir. Atalarımız bu yerdə yaxşı deyib: “Bu günün işini sabaha saxlamayın”. Heç onların sözündən çıxmaq olar? Gəlin görək gəncimiz bu haqda nə fikirləşir?
Sofiya Abbasova- Gənc tələbə: “Mən, işlərimi planlı şəkildə görürəm. Sabahın planını axşamdan yazıb qeyd edirəm. Belə ki, mən özüm günlük plan yazıram, lakin elə insanlar var ki, saatlıq plan yazır. Mənim üçün günlük plan daha uyğundur. Ən çox zamanımı universitet dərslərimə ayırıram. Düzdür, əvvəllər mən də zamanımın çox hissəsini telefonda keçirirdim, ancaq sonra mənfi təsirlərlərini gördükdən sonra ondan uzaqlaşdım. Və indi daha cox kitab oxuyuram, yəni, artıq kitab oxumaq mənim günlük “rutin”imə çevrilib. Mən bir gənc kimi əvvəllər asudə vaxtımı dostlarımla görüşürdüm, sosial şəbəkələrdə keçirirdim. Lakin, sonra sosial şəbəkələrdən uzaqlaşdım, dərslərimə fikir verdim. Məndə öz yaşıdlarıma bunu tövsiyə edərəm ki, siz də sosial şəbəkədən düzgün istifadə edəsiniz, onun əvəzinə kitab oxuyun. Unutmayaq ki, kitab oxumaq bizim inkişafımız üçün çox vacibdir”.
Vaxtın idarə edilməsi prosesinə nəzarət etməklə siz görüləcək işlərinizi müəyyən sistemə salırsınız. Stressiz, effektiv və keyfiyyətli iş görmüş olursunuz. Vaxtın uğurla idarə olunması həm şəxsi uğurun, həm də peşəkar uğurun açarıdır. Ən əsası da çalışın, məqsədlərinizə doğru və dəqiq şəkildə addım atın. Bu zaman vaxt sizin üçün daha əhəmiyyətli olacaq.
Lalə Bağırova
- Baxış: 278