• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 16.10.2023 20:42

Əlavə vəsaitlər şagirdlərə gərəkdirmi?

KepezTV Player

Orta məktəblərdə əlavə dərs vəsaitləri ilə bağlı valideynləri narahat edən məqamlar var. Bəziləri bunu məktəb çantasını ağırlaşdırmaq, digərləri uşaqların yorğunluğu, eləcə də maddi nöqteyi nəzərdən dəyərləndirirlər. 

Ramiz Mehralıyev- valideyn: “Elə vəsaitlər var ki, məktəb kitabları konspektləşdirilmiş formada verilir. O vəsaitlər orda yoxdur. Hər dəfə 6, 7, 8-ci sinifdə oxuduqca, məcbur onları alaq və oxuyaq. Bu, əlavə bir vaxt itkisidir. Amma əlavə vəsaitlərdə hamısı konspektləşdirilmiş formadadır”.

Aygün Süleymanova- valideyn: “Məcbur heç nə aldırılmır, mən öz istəyimlə alıram. Uşaqların inkişafı üçün. Müəllimlər bunu məcburi aldırmır, deyir, kim istəyir alsın. Bəzən müəllim özü də alır, uşaqlara sürətini verir ki, belə də işləyə bilərsiniz”.

Maya Mehtiyeva- valideyn: “Qiymət bahadır, amma məcburuq, neyləməliyik?! Uşağımızı oxutmaq üçün məcburuq ki, gələcəyini yaxşı təmin eləsin. Testlər alırlar, test işləyirlər. Çalışmalar yazırlar, test işləyirlər. Bu dəqiqə hər şey testlə həll olunur. İmtahanlarda, instituta da iş verəndə testlə öyrənirlər”.

Vüsalə Hüseynova- valideyn: “Məktəbdə olsa yəqin ki, daha yaxşı olar, almasaydıq daha yaxşı olardı. Neyləyək, məcburuq, alırıq uşaqlarımız oxusun, təhsil alsın. Qiymətlər təbii ki, bahadır. Bir az aşağı olsaydı, daha yaxşı olardı”.

Elvin Allahverdiyev- satıcı: “Əlavə dərs vəsaitləri, test topluları, bunlardan da müştərilər alırlar, istəyirlər. Qiymətlər bəli, bir az bahadır. Valideynlər narazılıq edirlər. Elə ailələr var ki, 3 uşaq oxudur, 4 uşaq oxudur. Bunları da nəzərə almaq lazımdır”.

Sərxan Məmmədov- satıcı: “Qiymətlər əvvəlkinə baxdıqda 2 qat artıb. Məsələn, əvvəl 4, 5 manata olanlar, indi 8 manat, 12 manatdır. Bəzi valideynlər var ki, büdcəsi ona imkan vermir, 3 dənə kitab alsa 30 manat, 40 manat edir. Amma əvvəl belə deyildi 3, 4 kitabı 10 manata almaq mümkün idi”.

Bir neçə fənn üzrə əlavə dərs vəsaiti almaq məcburiyyəti maddi baxımdan əlverişli olmadığı kimi, nəşrlərin hər il yenilənməsi də özündən əvvəlkinin istifadəsini mümkünsüz edir. Bu məsələdə məktəb müəllimləri də valideynlərlə həmfikirdir.

Şahnaz Namazova- müəllimə: “Bu vəsaitlər, gündə bir nəfər bir kitab çıxarır. Baha qiymətə satır, müəyyən müəllimlər onu aldırır. Valideynlər də çaş-baş qalır, 3 gündən sonra o istifadəyə yaramır, başqa birisi alınır. Valideynlərə acıdım. Hamısı üsyan edirlər ki, biz nə qədər kitab alaq?! Bütün fənnlərdən yeni toplular nəşr olunur və toplunun qiyməti qalxıb, olub 8 manat. Hər fənndən təsəvvür edin, hələ bu, təkçə bunun toplusudur. Nəzəri materiallar, çox valideynlər də narazılıq edirlər, üsyan edirlər, çarəsiz qalıb, öz həyatlarından kəsib almağa məcbur olurlar”.

Təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, bu kimi əlavə dərs vəsaitlərindən istifadə düzgün deyil. Çünki, Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün hazırlanan metodiki vəsaitlərdə uşaqların işləməsi üçün kifayət qədər tapşırıqlar mövcuddur.

Kamran Əsədov- təhsil eksperti:  “Biz bu gün bilirik ki, məktəblərdə tədrisi təşkil edən müəllimlər şagirdlərdə daha yaxşı bilik və bacarıqlar formalaşdırmaqdan ötrü onlara iş dəftərləri, əlvə vəsaitlər aldırırlar. Birmənalı şəkildə məktəblərdə əlavə vəsaitlərdən, iş dəftərlərindən, köməkçi vəsaitlərdən istifadə etmək olmaz. Düzdür, DİM–in dövlətin kurikulum standartlarına uyğun siniflər üzrə testləri var, test blankları var və bunlardan istifadə etmək olar. Ona görə də birmənalı şəkildə əlavə köməkçi vasitələrə yol vermək olmaz. Bunlar şagirdlərdə kifayət qədər əlavə yüklənməyə gətirib çıxarır. Çantanın çəkisi süni şəkildə artır, valideynlər böyük məbləğdə vəsait itirirlər”.

Elm və Təhsil Nazirliyinin müxtəlif nəşriyyatlarının məhsullarının məzmunlarına müdaxilə etmək səlahiyyəti yoxdur. Sadəcə olaraq bu məsələdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Belə ki, onlar tövsiyə etdikləri materialların məzmununun elmi cəhətdən doğruluğuna və etibarlılığına əmin olduqdan sonar, şagirdlərə tövsiyə etmələri məsləhət görülür. 

Pərvin Abbaszadə