• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1564
— 15.10.2023 19:41

Tarixi gedişatı dəyişən lider - gələcək nəsillərə ismarış olan Qarabağ zəfəri

KepezTV Player

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür. Dövlət başçısı iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Ən əsası Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusunun Qarabağda qazandığı tarixi zəfər itirilmiş tarixi torpaqlarımızın qaytarılmasının təməllərini atmaqla yanaşı, Azərbaycanın gələcəyinə və gələcək nəsillərə ismarış oldu. Qalib ordunun yaradılması üçün illərlə tədbirlər görüldü, işlər aparıldı. Bu gün Azərbaycan ordusu dünya dövlətlərinin ordu sırlarında öz gücü və arsenalı ilə ön sıralarda dayanır. 

Qələbə asan başa gəlmədi. İllərlə, gecə-gündüz demədən çalışıldı. Bunun üçün ilk addım maddi və mənəvi gücün artırılması idi. Birinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış ordunu mürəkkəb tarixi şəraitdə zəfərə inandırmaq, onu yenidən formalaşdırmaq isə olduqca çətin və məsuliyyətli idi.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir. Biz uzun illərdir ki, işğaldan əziyyət çəkirik. Torpaqlarımız işğal altındadır. Və hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçılardan azad edək. Bunu etmək üçün siyasi və diplomatik səylərlə bərabər, biz güclü orduya malik olmalıyıq. Və bu proses uğurla gedir”.

Ziyafət Əsgərov- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri: “Ordu quruculuğumuzun müvəfəqiyyətlə yerinə yetirilməsi üçün cənab Prezident büdcədə nə lazmdırsa, gərəkən nə varsa, bunun hamısını etdi ki, ordumuz inkişaf eləsin və əlbəttə biz torpaqlarımızı azad edənə qədər artıq çox güclü, demək olar ki, dünyanın 50 ordusundan biri Azərbaycanda yaradıldı. Və ordumuz müasir hərb elminin demək olar ki, bütün nailiyyətlərini əxz etdi. Biz yüksək səviyyəli texnologiyalar əldə edə bildik. Müxtəlif ölkələrdən, o cümlədən bizim Müdafiə sənayesi nazirliyimiz müxtəlif silahlar istehsal etməyə başladı”.

Hikmət Babaoğlu- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini: “Təchizat məsələsi ayrıca bir istiqaməti təşkil edirdi. Hərbi professional kadrların yenidən təşkilatlanması və yenidən komplekləşdirilməsi ayrıca bir istiqamət təşkil edirdi ki, burada peşəkarlar olsun. Və nəhayət 21-ci əsrdə artıq hər bir ölkənin milli ordusu qarşısında yeni vəzifələr dururdu”.

Silahlı Qüvvələrimiz ilk imtahanını aprel döyüşlərində verdi. Yüksək hərbi hazırlıq, müasir texnikaların istifadəsi ilə qısa müddət davam edən döyüşlərdə ordumuz ilk qələbəsini çaldı. Bununla da zəfərə inam formalaşmağa başladı.

Hikmət Babaoğlu- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini: “Hərbi-texniki sənaye o qədər sürətlə inkişaf edir ki, artıq 2016-cı ildə tətbiq olunan silahlardan daha modern silahlar gəlməyə başladı. Beləliklə bir 2020-ci ildə erməni təxribatına cavab vermək üçün qısa müddət ərzində yenidən yenilənmiş təchizatla orduyu təmin etməli idi. Eyni zamanda bu yeni texnologiyalarla peşəkarcasına davranmağı bacaran kadr koplektləşməsi, şəxsi heyət komplektləşməsi həyata keçirməyi bacarmalı idik. Bax Azərbaycan Prezidenti əslində bunu etdi”.

Ziyafət Əsgərov- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri: “2008-ci illər, 2010-cu illər və ondan sonra da Azərbaycanın təhlükəsizlik konsepsiyası, Azərbaycanın hərbi doktorinası, Azərbaycanda təhlükəsizlik sistemi haqqında qanun qəbul olunmuşdu və hərbi qulluqçuların statusu haqqında qanun və digər qanunlar. Bizim Silahlı qüvvələrimizin hüquqi vəziyyətini müəyyən edə bilən çox güclü normativ hüquqi bazamız vardı. Bunlar da bizə imkan verdi ki, ordumuzu yüksək səviyyədə inkişaf etdirək, ordumuzu beynəlxalq standartlar səviyyəsinə gətirə bilək. Hansı ki, biz bunu artıq elədik. Və artıq biz qalib ordu yarada bildik”.

Bununla da, Azərbaycan xalqının çox əsrlik tarixində ən parlaq zəfər çalındı. Peşəkar ordumuzun sarsıdıcı zərbələri nəticəsində düşmən məğlub edildi. Tarixi ədaləti bərpa olundu.

Ziyafət Əsgərov- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri: “Azərbaycan ordusu çox savadlı müharibə apara bilir. Legitim müharibə apara bilir. Bilirsiniz ki, nə müharibə dövründə, nə antiterror dövründə biz nə mülki obyektləri, yəni söhbət Qarabağda fəaliyyət göstərən qanunsuz birləşmələrdən gedir. Bizim hədəfimiz, yalnız qanunsuz birləşmələrdir. Və onların yaratdığı qanunsuz hərbi obyektlərdir. Bu legitimliyin mənası ondan ibarətdir ki, biz heç bir sivil vətəndaşa qarşı zorakılıq tətbiq etmədik. Onlara atəş açmadıq”.

Ordu quruculuğu müharibədən sonra da davam etdirildi. İmzalanan yeni kontraktların icrası nəticəsində ordunun təchizatı üçün ən müasir texniklar, silahlar gətirildi.

Bu isə Azərbaycan ordusunun antiterror tədbirlərində uğur qazanmasına, ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunmasına gətirib çıxardı. Ordu quruculuğu sahəsində aparılan islahatlar isə Silahlı Qüvvələrimizi qalib ordular sırasında Zirvəyə qaldırdı.

Aişə Rzayeva