Goranboyun Tatarlı kəndi ərazisində aşkar edilən Muncuqlutəpə nekropolunda arxeoloji qazıntı işləri davam edir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən təxminən 1 hektardan artıq ərazidə son tunc-erkən dəmir dövrünə aid qəbirlər qazılaraq tədqiq olunur.
Muncuqlutəpə nekropolunda son 15 ildə 20 qəbirdə arxeoloji qazıntı işləri aparılıb. Bu il isə 12 qəbir də qazılaraq tədqiq olunub. Ərazidə qəbirlərin sıx olması və bəzi qəbirlərdə qoşa dəfnin həyata keçirilməsi diqqəti cəlb edir.
Müzəffər Hüseynov- Arxeologiya, Etnoqrafiya və Antropotalogiya İnstitutunun elmi işçisi: “Ən maraqlısı odur ki, bəzi qəbirlər digər qəbirlərin üzərində yerləşır. Burada o qədər sıx qəbirlər salınıb. Bildiyimiz kimi, skeletlər üzərində aparılan analizlər bizə daha çox informasiya verə bilir. Həm bunların yaşayış tərzi haqqında, həm bunların xəstəlikləri, bunların nə qədər yaşamaqları və ölüm səbəbləri haqda bizə məlumat verə bilər”.
Bu il tədqiq olunan qəbirlərdən birində oturaqlı dəfn olunan insan qalıqlarına da rast gəlinib. Qəbirlərdə saxsı qablar, tunc və dəmirdən hazırlanmış xəncərlər, bıçaqlar, müxtəlif minerallardan hazırlanmış bəzək əşyaları da aşkar olunub.
Lola Hüseynova- Arxeologiya, Etnoqrafiya və Antropotalogiya İnstitutunun elmi işçisi: “Burada aşkarlanan skelet əsasən çox çürüyüb. Üzərində metal əşyaları var. Və metal əşyaların coxluğu burada metallurgiyanın inkişafından xəbər verir. Ətrafına coxlu sayda keramika qabları qoyulub. Bu da dulusçuluğun inkişafından xəbər verir. Qablar hər ölçüdə var. Çox miniatür qablardan, çox böyük qablara qədər bardaqlara, küpələrə rast gəlirik”.
Arxeoloji materialların müqaisəli təhlilinə əsasən qəbirlərin eramızdan əvvəl VIII-VII əsrlərə aid olduğu bildirilir. Nekropolda arxeoloji tədqiqatların davam etdirilməsi planlaşdırılır.
Elnur Vahidoğlu
- Baxış: 208