• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 906
— 26.09.2023 20:15

Qadjetlərdən asılılıq uşaqlarda böyük fəsadlar yarada bilər

KepezTV Player

Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi kompüter və telefonu həyatımızın ayrılmaz hissəsinə çevirib. Adını çəkdiyimiz cihazlardan ən çox istifadəyə meyilli olan isə uşaqlardır. Həddindən artıq bu qadketlərin aludəçiliyi isə xoş olmayan hallara səbəb olur.

Yusif Əliyev- sakin: “Mən boş vaxtlarımda gəlib, burada idman edirəm. Evdə telefona baxmaqdan, ya da pis vərdişlərə qurşanmaqdansa, gəlib burda idman etsəm daha yaxşıdır. Bu, mənim sağlamlığım üçün və gündəlik həyatım üçün çox müsbət təsir edir. Gün ərzində gümrah oluram və mənim üçün daha yaxşı təsir edir”.

Ömər Pərvərov- sakin: “Mənim həmyaşıdlarım evdə otururlar, oyun oynayırlar, idman etmirlər. Mən də onlara tövsiyə görürəm ki, gəlsinlər idman etsinlər. Mən gəlirəm, burda idman edirəm, bədənim aktiv olur. Amma məmin elə dostlarım var otururlar evdə, günlərini oyunla sərf edirlər. Boş vaxtın oldu gəl idman elə, səhhətin üçün də xeyirlidir”.

Təəssüflə qeyd etməliyik ki, balaca müsahiblərimizdən fərqli fikirdə və əməldə olanların sayı daha çoxdur. Kompüter və mobil telefonlardan uzunmüddətli istifadə, televizor qarşısında çox vaxt keçirməyi üstün tutanlar bu sıradandır. Aparılan araşdırmalar göstərir ki, 3-5 yaş qrupunda olan uşaqlar gün ərzində 1 saat, 6-8 yaş aralığında isə 2 saatdan çox bu cihazlardan istifadə etməməlidirlər. Bu, həm psixoloji, həm də fizioloji cəhətdən vacibdir. 

Nüsrət Hüseynov- sakin: “Evdə telefonları var. Amma onlara müəyyən vaxtlarda icazə veririk. Həmişə yox. Müəyyən vaxtlarda - yarım saat, 40 dəqiqə telefona icazə veririk. Çölə çıxmaq da lazımdır, idmanla məşğul olmaq da lazımdır. Təkcə telefonla məşğul olmaq bunların həyatını zəhərləyir”.

Sakin: “Bizim uşaqlar sırf təhsil ilə maraqlanırlar. Həyatlarını təhsilə sərf ediblər. İdmana ata aparıb gətirir. Elə bir dövrə gəlmişik ki, internet zamanındayıq, bunu da başa düşmək lazımdır. Amma ki uşaq onlarındır, həyatlarını tənzimləsinlər”.

Mələk Əliyeva- sakin: “Uşaqla məşğul oluram, pianino çalırıq, müəyyən oyunlar oynayırıq. Yəni az müddətdə telefon veririk, sadəcə olaraq yemək yeyəndə. Başqa vaxt biz telefon vermirik”.

Lakin müxtəlif gününü qadjetlərlə keçirən uşaqların sayı kifayət qədərdir. Bu, bir tərəfdən sağlamlıq, digər tərəfdən isə psixoloji nöqteyi nəzərdən uşaqlarda travmalara səbəb olur. Belə asılılıq uşaqlarda istənilən yaş dövründə ünsiyyət, özünə qapanıqlıq, depressiya, stress kimi problemlər yarada bilər.

Sona Davudova- psixoloq: “Çox böyük bir rəqəm, yəni 79-80% uşaqlarda, xüsusən də oğlan uşaqlarında hərəkətsizlik halının, hətta uşaqlarda depressiyaya qədər belə gətirib çıxardığı müşahidə olunur. Həmin uşaqların danışıqlarında da problemlər olur, nitqlərində də ləngimələr olur. Bəzən valideynlər uşaqlarını 4-5 yaşına qədər qucaqlarında saxlayırlar və uzun müddət telefon, televiziya qarşısında qalaraq hərəkətsiz şəkildə qalırlar. Velosiped sürməkdə çətinlik çəkirlər, qələm tutmaqda çətinlik çəkirlər. Bu da onların mütləq şəkildə məktəb həyatlarında ciddi fəsadlara gətirib çıxaracaq və təbii ki, bu da 6 yaşına qədər qarşısı alınmazsa hətta uşaqlarda zəka, inkişaf yetərsizliyi, hətta depressiya əlamətlərinə qədər gətirib çıxara bilər ki, artıq bunun da nəticəsi təbii ki, çox uzun bir müddət zaman alır”.

Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlərin sayı da artıb. Daha çox “övladımın boyu yaşıdlarından daha qısadır” şikayəti ilə müraciətlər edilir. Qidalanma pozulması əsas səbəblərdən biri olsa da, fiziki inkişafı ləngidən digər amillər də mövcuddur. Uşaqlar günün əksər saatlarında sosial şəbəkələrdə olur, müxtəlif oyunlar oynayırlar. Nəticədə bu, asılılığa çevrilir və uşaqlarda bəzi qalıcı problemlərə gətirib çıxarır. 

Ruvella Əliyeva- neonatoloq: “Uzun müddət kompüterdən, telefondan istifadə etmək, uşaqlarda çiyin əzələlərində, boyun əzələlərində müəyyən dəyişikliklər, onların sümük sistemində skoliozların, kifozların əmələ gəlməsinə səbəb olur. Valideynlərə tövsiyəmiz odur ki, uşaqları bacardıqları qədər telefondan uzaq saxlasınlar. Boş vaxtlarında, asudə vaxtlarında uşaqların məşğuliyyətini əsasən uşaq rəsm dərnəklərində, şahmat məktəblərində, idman zallarında, rəqs dərnəklərində, təmiz havada gəzməklə uşaqları telefondan uzaqlaşdırsınlar”.

Valideynlər üçün uşaqlarını kompüter, planşet və telefondan asılılığının qarşısını almaq və sağlam həyata təşviq etmək daha asandır, nəinki övladlarının sağlamlıqlarının əldən getməsi halları ilə qarşılaşmaq.

Pərvin Abbaszadə