Qiymətlər baha, alıcı isə az. Son bir neçə ay ərzində qeyri-sabit hava şəraiti məhsuldarlığa təsir göstərdiyindən bazara daha az məhsul çıxarılır. Bu, ələlxüsus da mövsümi meyvələrdə özünü göstərir. Nəticədə isə qiymətlərdə artım müşahidə olunur.
Bazarda meyvə-tərəvəz bol, qiymətlər isə bahadır. Satıcılar isə dayanmadan piştaxta arxasından müştəri səsləyir. Bahalaşma əsasən özünü tərəvəzlərin qiymətində göstərir.
Ağa Mustafayev- alıcı: “Kartof, soğan, meyvə, pomidor, var, bahaçılıq var. Heç olmasa keçən ildən 30% fərq var. O da bilirsən ki, bu dəqiqə olan proseslərlə bağıdır, kənd işlərilə. Amma hiss olunur, hiss olunan bahaçılıqdır”.
Hafiz Mamedov- alıcı: “Kartof, soğan, pomidor, hər şey, gözünlə gördüyün hər şey bahalaşıb. Təxminən qiymət 2 qat bahalaşıb”.
Fədail Nuriyev- alıcı: “Pomidor, havalar bir az soyuyub deyə, ona görə bahaçılıq var. Ancaq şükür, camaat bir-biri ilə yola gedir, neyləyək, ayrı yolu yoxdur. Artıq soyuq düşüb, deməli, baha olmalıdır”.
Elçin Həmdəmov- alıcı: “Məhsullar hamısı öz vaxtında, hamısı normal qiymətə olur. İndi elə məhsullar var ki, onun mövsümi bitir, əlbəttə ki, qiyməti baha olmalıdır. Məhsullar azaldıqca baha alırlar, baha da satırlar. Artıq o, məcburidir”.
Rəşid Nəbiyev- alıcı: “Hamısı bahadır. Göyərtidən tutmuş hamısı bahadır. Göyü alırdıq 25 qəpiyə, indi verirlər 60-70 qəpiyə. Bu da avtomatik olaraq insanın büdcəsinə təsir edir”.
Dursunbəyim Kazımova- alıcı: “Lobya 3 manat, pomidor 2 manat. Hər şey bahadır. Əlini vurursan yandırır. Yəqin ki, az əkilib, ondan ola bilər”.
Bazarlarda tərəvəzlərin qiymətinin baha olmasında ilk amil mövsümi faktordur. Belə ki, hava şəraiti bəzi məhsulların yetişməsi üçün əlverişli olmadığına görə satışa çıxarılanlar əsasən istixanalarda becərilənlərdir. Bu hal da bazar qiymətlərinə öz təsirini göstərir.
Günay Bayramova- satıcı: “İndi bu dəqiqə çox bahaçılıqdır. Çox şikayət olur, hətta alıcılarımız az alır. Bizə baha gəlir, baha götürürük ki, baha da satırıq. Ən çox bu dəqiqə pomidor. Həmişə alırdıq 1 manata, 1.5, indi almışıq 2.6 qəpiyə. Kələm, yerköküdə bir az bahaçılıq var. Meyvələr normaldır”.
Nofəl Hüseynov- satıcı: “Pomidor bir az bahalaşıb. Pomidor qabaq 1.5 idi, indi 3,40 qəpik bahalaşıb”.
Yetər Hüseynova- satıcı: “Tərəvəz bahadır. Pomidor, xiyar çox bahadır. 2.3-a alıb 2.5-yə veririk. Yəni ümumiyyətcə bahadır. 90 qəpiyə alıb 1 manata veririk. 10 qəpik pul qoyuruq, amma alıcılara gülməli gəlir ki, 10 qəpik qoyursunuz”.
Mütəxəssislərin sözlərinə görə, bu il məhsul kifayət qədər bol olub, amma qeyri-sabit hava şəraiti ağaclarda və bostanlarda olan meyvə-tərəvəzin bir qismini yararsız hala salıb. Ona görə də fermerlər əllərində olan yaxşı məhsulu baha qiymətə satmağa başlayıblar.
Hüseyn İdrisov- ADAU-nun Bağçılıq kafedrasının dosenti: “Açıq sahədə becərilən tərəvəz bitkilərinin, məsələn, pomidorun, badımcanın, bibərin və s. sonlanmasıdır. Bunlar bazar şəraitində olan bir şeydir. Məsələn 2 ay bundan qabağa kimi əgər bazara getsəydik, pomidorun kilosu 30 qəpik, 40 qəpik, 60 qəpik idi. Amma bu gün isə manat yarım, 2 manata da pomidor var, 3 manata da var. Payız-qış mövsümünə yaxınlaşdıqca, bitkilər vegitasiya müddətini başa vurduğundan istər-istəməz əksər dağlıq rayonlarda artıq öz ömürlərini başa vurub, vegetasiyanı başa vurub. Son zamanlar kütləvi yağışların qeyri-normal yağması da tərəvəz və meyvələrin bir qədər məhv olmasına və inkişafına maneə olan bir səbəbdir. Yəni bu səbəblər ucbatından bizdə istər-istəməz qiymətlər bazarda oynayıb, bir qədər qalxıbdır”.
Bazarlarda kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşısının alınması üçün ən vacib çıxış yolu məhsuladarlığın daha da artırılmasıdır.
Pərvin Abbaszadə
- Baxış: 379