Gəncədə iş o yerə çatıb ki, sahibsiz küçə itlərinə şəhərin mərkəzində, insanların daha sıx olduğu yerlərdə də rast gəlmək mümkündür. İnsandan qorxmayan bu heyvanlar hücum çəkərək sakinlərə zərər də yetirir. Məhz elə bunun nəticəsidir ki, son iki ayda Gəncədə 300-dən artıq it dişləməsi faktı qeydə alınıb. Bəs insanları qorxudan bu hal nə vaxtadək davam edəcək, sahibsiz itlərə yiyə çıxan olacaqmı? Bunu qarşıdakı süjetdən öyrənəcəyik.
Gecə-gündüz sərbəst gəzən sahibsiz küçə itləri. Böyüklər, azyaşlılar, qadınlar üçün ciddi təhlükə mənbəyi hesab olunan bu heyvanlara Gəncənin hər yerində rast gəlmək mümkündür. Sanki şəhərdə adi hala çevrilib, bu dördayaqlıların sərbəst gəzişməsi, yaratdığı təhlükə, insanlar üçün qorxuya səbəb olduğu kimi.
İlqar Məmmədov- sakin: “Hamı görür, heç kim də fikir vermir. Gecə ailə-uşaqla küçəyə çıxmaq olmur. Aidiyyatı dövlət qrumları bunun haqqında tədbir görsün”.
Sabir Əsgərov- sakin: “Xahiş edərdik ki, sahibsiz itlərə yiyə çıxan olsun. Qocalar var, uşaqlar var, gedib-gələndə maneçilik törədir, ziyan verir. Mümkünsə, şəhərin müvafiq təşkilatları bu haqda tədbir görsün”.
Cəmil Cəfərov- sakin: “Uşaqlarımız çölə çıxa bilmirlər. Uşaq da qanmır, iti görəndə üstünə çığırır, it də üstünə cumur, dişləyir. Gəlir blokun ağzında yatır, nəvəm çölə çıxa bilmir. Bütün Poçt qəsəbəsi mən dediyimi deyəcək”.
Xaliq Hüseynov- sakin: “Avtozavod qəsəbəsində hava qaralandan sonra çölə çıxmaq olmur. Şəhərin çox yerində var. Cumurlar, təhlükəlidirlər. Uşaq, yaşlı, qadın var. Bunlara bir tədbir görsələr yaxşı olar”.
Məsələnin ciddiliyi Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Təcili Tibbi Yardım şöbəsinə edilən müraciətlərin çoxluğunda da görünür. Belə ki, son iki ayda edilən müraciətlər ötən aylara nisbətən təxminən 10 faiz çoxdur.
Mirqalib Seyidov- həkim: “İt dişləmələri çoxalır. Ən çox da sahibsiz itlər, bu da şəhərin kənarlarında olur. Hazırda bu ik ay ərzində 302 nəfər it dişləməsi ilə müraciət edib. Biz onların yaralarını yuduqdan sonra, quduzluq əleyhinə vaksin, yuxarı ətraflardan dişləyəndə isə quduzluq əleyhinə qlobin vururuq”.
Bura şəhərin Atabəylər prospektidir. Ötən ilin fevral ayında bu ərazidə sahibsiz itlər üçün sığınacağın tikilməsinə başlanıldı. Biz də burada çəkiliş etdik və həmin vaxt məlumat verildi ki, az bir müddətdən sonra bura fəaliyyətə başlıyacaq. Lakin bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də sığnacaq fəaliyyət göstərmir.
Gəncədə pilot layihə çərçivəsində sahibsiz küçə itləri ilə bağlı sığınacaq təşəbbüsü ilə Gəncə İctimai İştirakçılıq Məclisi çıxış etmişdir. 3 sot ərazidə sığınacaq salınmasına da başlanıldı. 50 it üçün nəzərdə tutulan işlər nədənsə yarımçıq qaldı.
Müzadil Həsənov- Gəncə İctimai İştirakçılıq Məclisinin üzvü: “Vaxtın uzadılması məsələsi ona görə baş verdi ki, orada infrastruktur məsələləri həll edilməli idi. İşıq, su təminatı həll edildi. İndi tamamlanma işləri görülməkdədir. Düşünürəm ki, yaxın müddətdə istifadəyə veriləcəkdir. Çatışmayan bir-iki məqam var. Həm baytar, həm də itlərə xidmət göstərən şəxslər təmin ediləndən sonra düşünürəm ki, açılması mümkün olacaqdır. Böyük bir sığınacağın açılmasına ehtiyac var. Düşünürük ki, bu layihə işə düşəndən sonra uğurlu fəaliyyət göstərə bilsə, bu layihəni əsas götürərək daha böyük sığnacağı həm dövlət qrumları, həm də ictimaiyyət nümayəndələri, biznes qrumlarından xahiş etmək olar. Həqiqətən də problem geniş vüsət alıb və həll edilməsi vacibdir”.
Yaqub Abbasov- sığınacağın nəzarətçisi: “İtlər qısırlaşdırılandan sonra qulaqlarına birka vurulacaq, sonra da peyvəndləri vurulacaq. Daha sonra şəhər ətrafına buraxılacaqdır. Yenidən təzə partiya gələcəkdir, beləliklə şəhərdə itin artımını azaltmaq olar. Şəhərdə nə qədər dişi it var, bu itlərin də hərəsi 7-8 bala verəndə nə qədər artım olur? Həm də qısırlaşdırılan itlər təhlükəsiz olur, insanlara cummurlar”.
İnanırıq ki, bu dəfə 1 ildən artıq gözləmək lazım gəlməyəcək və ortaya qoyulan ideya reallığa çevrilərək, insanların təhlükəsizliyi təmin ediləcək.
Elnur Vahidoğlu
- Baxış: 377