Ermənistanın düşmənçilik mövqeyi beynəlxalq idman yarışlarında da özünü açıq-aydın göstərir. Xislətlərindən əl çəkməyən ölkənin nümayəndləri məğlubiyyəti qəbul etməyərək, növbəti təxribata əl atıb. Özü də həm bizə, həm də qardaş ölkə Türkiyəyə qarşı.
Əvvəlcə ermənilər Gürcüstanın Batumi şəhərində təşkil edilən beynəlxalq karate turnirində öz simalarını dünyaya yenidən nümayiş etdiriblər. Milli komandamızın üzvü Alika Semihovaya finalda məğlub olan erməni idmançı bunu həzm edə bilməyib və görüşün sonunda əl uzadan karateçimiz gözlənilmədən rəqibi tərəfindən yumruq zərbəsinə məruz qalıb. Həmin erməni idmançı növbəti hörmətsizliyi fəxri kürsüdə edərək Azərbaycan bayrağının qarşısını kəsmək istəyib. Ancaq buna baxmayaraq Alika özünə yaraşan şəkildə hərəkət edərək təmkinli davranıb. O, bu təxribata ədalətli qərarın verilməsini gözləyib və buna nail olub. Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərov da hadisəyə münasibətini bildirib. Bununla kifayətlənməyən ermənilər tribunada öz bayraqların ilə Azərbaycan bayrağının üstünü örtməyə çalışıblar. Ancaq buna şərait yaradımayıb. Beynəlxalq federasiyaların bu təxribata kəskin reaksiya verməsinin labüd olduğu deyən millət vəkili, hətta İrəvanın ev sahibliyi edəcəyi yarışlardan məhrum edilməsinin Ermənistana veriləcək ən sərt cəza olacağını söyləyib.
Azərbaycanla yanaşı, ermənilər Türkiyəyə qarşı da hörmətsizlik ediblər. Belə ki, Moldovada keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında ermənistanlı qadın referi Nazik Avdalyan qardaş ölkə idmançısının şərəfinə səslənən himn zamanı ayaqüstə durmaq əvəzinə yerə çöməlib. Türkiyəli məşqçilərin şikayətindən sonra onu əsas hakimlikdən çıxararaq ehtiyat hakimliyə keçiriblər. Bu cür təxribatlar bir neçə ay öncə də yaşanıb. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışı zamanı qəsdən bayrağımız yandırılmışdı, eyni zamanda həmin yarışda asılan Türkiyə bayrağı məqsədli şəkildə kəsilmişdi.
Orxan Cəfərzadə
- Baxış: 329