• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 02.07.2023 20:07

Makronun səriştəsizliyi: Fransada xaos böyüyür

KepezTV Player

Baxmayaraq ki, həmin üçtərəfli bəyanatın imzalanmasından 2 il 8 ay keçib, Ermənistan hələ də onu pozamağa davam edir. Təbii ki, kimlərəsə güvənərək bunu edir. Kimlər deyəndə də ilk ağıla Emmanuel Makron gəlir. O Makron ki, başı fransızlardan daha çox ermənilərin məsələlərinə qarışıb. Fransanın necə qarışdığı isə göz qabağındadır. Dünya 5 gündür ki, bu ölkədə baş verənləri diqqətlə izləyir. 17 yaşlı Nahel Merzukun qətli ilə başlayan etiraz aksiyalarının miqyası genişlənməkdədir. Xaos fonunda ölkədə idarəetmə sözün əsl mənasında iflic olub.

Fransada Əlcəzair əsilli yeniyetməni polisin qəddarcasına öldürməsi nəticəsində baş verən iğtişaşlar davam edir. Marsel şəhərində gərginlik özünün ən yüksək həddinə çatıb. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və tüstü bombası tətbiq edib.

Bundan başqa, Marseldə məşhur avtomobil salonu qarət edilib. Görüntülərdə qarətçilərin salondan oğurlanmış avtomobillərlə çıxması əksini tapıb. Qrinidə isə yandırılmış maşınlardan çıxan alov yaşayış binasına keçib.

Ölkənin böyük şəhərləri və ətraf rayonlarında baş verən iğtişaşları yatırmaq üçün 45 min polis səfərbər edilib.

Jerald Darmanin- Fransanın daxili işlər naziri: “Daxili İşlər Nazirliyi bu gecə ölkənin hər yerində eyni sayda qüvvələri səfərbər edib. Ümumilikdə 45 min polis məmuru cəlb edilib. Marsel və Lionda isə qüvvələrimizi xeyli artıracağıq. Düşünürəm ki, hər kəs dövlətin geri çəkilməyəcəyini anladı. Burada valideynlərə verilən mesaj də çox vacibdir. Ümumilikdə 10-a yaxın ticarət mərkəzi hücuma məruz qalıb. 200-dən çox supermarket talan edilib, onlardan 15-i tamamilə yanıb. 250-yə yaxın tütün dükanı, 250 bank, geyim mağazaları, restoranlar da hücuma məruz qalıb, bəziləri yandırılıb. Bu hərəkətlər dözülməzdir”.

Etiraz aksiyaları fonunda Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edilib. Nəticədə həyat yoldaşı və uşağının yaralandığı bildirilir. Məlumatı meriyanın rəhbəri "Twitter" səhifəsində paylaşıb. Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar. Bundan sonra isə avtomobil yandırılıb. Vinsent Janbryun hadisə baş verən zaman meriyanın binasında olub.

Fransada etiraz aksiyalarında saxlanılanların sayı da artmaqdadır. İğtişaşların beşinci gecəsində 700-dən çox insan saxlanılıb. Onlar arasında yeniyetmələr üstünlük təşkil edir. Bu isə Fransada təhlükəsizlik qüvvələrinin əhaliyə amansız münasibətindən xəbər verir. Ölkə polislərinin vandalizminin ən bariz nümunəsi isə daun sindromlu gəncə qarşı zorakılıq tətbiq edilməsidir.

Fransa polisi daun sindromlu gənci əvvəlcə yerə sıxıb, daha sonra isə əllərini qandallayıb. Gəncin anasının fəryadına baxmayaraq təhlükəsizlik qüvvələri qadını oğlunun yaxınına belə buraxmayıb və onu ərazidən uzaqlaşdırmağa çalışıblar. Kadrlardan digər şəxslərin də bu hərəkətinə görə polisə etiraz etdiyi aydın görünür.

Bütün bu özbaşınalıqlara rəğmən Fransa prezdenti Emmanuel Makron ölkəsində baş qaldırmış xaosu yeniyetmələrin kompüter oyunlarına bağlılığı ilə əlaqələndirib.

Emmanuel Makron- Fransa Respublikasının Prezidenti: “İğtişaşlar zamanı həbs olunanların təxminən üçdə biri “gənclər və daha gənclərdir”. Onlar "sərxoş olduqları" oyunlardan zorakılığı kopyalayırlar. Sizdə elə təəssürat yarana bilər ki, onlar oynadıqları video oyunları küçələrdə yaşayırlar. Onlayn platformalar və şəbəkələr son günlərdə baş verən hadisələrdə böyük rol oynayır”.

Siyasi şərhçilər isə hesab edirlər ki, bu fikirlər Makronun özünə bəraətidir. Onların qənaətincə, Fransada baş qaldırmış iğtişaşlara səbəb hökumətin ədalətsiz siyasətidir

İsmail Cingöz- siyasi şərhçi: “Bu gün baş verən fransız xalq hərəkatları da göstərir ki, bu insanlar 2018-ci ildən bəri tamamilə "sarı jiletlilər" hərəkatı tərəfindən təşkil edildiklərini və buna görə küçələrə çıxaraq, dövlətlə, polislə qarşı-qarşıya gəlməkdən çəkinmədikləri görülməkdədir”.

Siyasi şərhçilər deyir ki, iğtişalar həm də Makron hakimiyyətinin qeyri-fransızlara 2-ci 3-cü dərəcəli vətəndaş kimi yanaşmasının nəticəsidir.

Fərid Mehdiyev