Məhsəti qəsəbəsində bir qrup sakin çəkdikləri əziyyətdən şikayətçidirlər. Özü də bir neçə ildir. Televiziyamıza çıxış yolu kimi müraciət edənlərin problemlərinin nədən ibarət olmasını bir azdan siz də biləcəksiniz, elə adiyyatı qurum da bir daha xəbərdar olacaq. Şikayət ərizəsinin izi ilə çəkiliş qrupumuz vəziyyəti araşdırıb. İzləyək.
Sakin: “Gör, burda nə şəraitdə xörək bişirib, çay qaynadırıq. Mənim ailəm, evim ola-ola, qaza görə kirədə qalıram. Bizə gətirib qaz versinlər, şəraitimizi quraq, biz də insan kimi yaşaya bilək”.
Məhsəti, köhnə adı ilə Sevinc qəsəbəsi. Qəsəbədən keçən və el arasında Neftbaza yolu kimi tanınan ərazidə ev tikib, yuva quranların yaşadığı çətinlik. Yolun bir hissəsi bələdiyyə, bir hissəsi isə dövlət torpağı olan qəsəbədə qazlaşma ilə bağlı haçalanan işlər sakinlərin etirazına səbəb olub.
Rövşən Novruzov- sakin: “Bizim qazımız olmadığından, odunla çətinliklər çəkirik. Yolun üst tərəfində çəkilir, alt tərfə çəkilmir. Bura eyni massiv -Məhsəti qəsəbəsi gedir. Niyə çəkilmir? Deyirlər çəkəcəyik, amma xeyiri, nəticəsi yoxdur. Aidiyyatı qrumlardan çoxlu-çoxlu xahiş edirəm ki, səsimə səs versin, bizi eşitsin”.
Əli Abbasov- sakin: “Əziyyət, zülm çəkirik. Odun gətirmək də çətindir. Hardan alaq? Təqaüdçü adamam haraya gedirəm deyirlər çəkiləcək. Nə vaxt çəkiləcək? Niyə çəkilmir? Nəyə görə yolün üst tərəfində qaz var, alt tərəfdə yoxdur. Ora gedirəm, deyir mənlik deyil, get Bakıya yaz. Niyə Bakıya yazmalıyam?!”
Ədil Hüseynov- sakin: “Biz istəyirik bizim qazımız çəkilsin. Gedək “ASAN Xidmət”ə sayğacın pulunu ödəyək. İki ildir burada yaşayırıq, körpə uşaq, əlil ata, ana qışda əziyyət çəkirik. Qazla bağlı müraciət elədik, dedilər ki, yolün üstünün layihəsi verilib onu çəkirik. Buranın hələ çəkilməsi gecikir”.
Gecikmənin əziyyətini çəkənlər deyir ki, hətta yolun sol hissəsi, yəni dövlət topağına düşən bir neçə küçəyə də qaz xətti çəkilib. Lakin nədənsə işlərin davamı gəlməyib. Nəticədə isə 8 küçədə yaşayanların sevinci elə üzlərində qalıb. Bu qışı da odun yandırmaq və propan qazdan istifadə etməyin yaratdığı çətinliyi düşünərək.
İdris Süleymanov- şəhid atası: “Biz qışda zülüm çəkirik. Kol-kos yandırırıq, imkanımız yoxdur. Bu gün edərik, səhər edərik, hələ ki, bir xəbər yoxdur, elə də qalıb”.
Gülnaz Cəfərova- sakin: “Bizim qazımız yoxdur, qazdan çətinlik çəkirik. Odunla ocaq yandırırıq. Ocaqla əmələ gəlmir. Xahiş edirəm, bizə kömək eləsinlər. Bizə qaz çəkilsin”.
Məhsəti qəsəbəsinin sakinlərinin "dəfələrlə müraciət etmişik" dedikləri qurum olan “Azəriqaz” İstehsalat Birliyinə biz də müraciət etdik. Qazlaşmanın niyə aparılmadığı və ya bir neçə küçədə işlərin görülərək yarımçıq dayandırıldığı suallarına aydınlıq gətirilməsi üçün.
Eldəniz Vəliyev- “Azəriqaz” İB-nin şöbə rəisi: "Azəriqaz" İstehsalat Birliyi regionlarda mütamadi olaraq, davamlı işlər həyata keçirir. Bu proses Azəriqaz İstehsalat Birliyinin daxili imkanları hesabına icra olunur. Bu baxımdan bu işdə mərhələlik prinsipi qorunur. Gəncə şəhəri, Məhsəti qəsəbəsinin müəyyən qazlaşmayan hissəsi də gündəmimizdədir. Növbəti mərhələdə bu ərazinin də qazlaşması icra olunacaqdır”.
Dəqiq vaxt səsləndirilməsə də Məhsəti sakinlərinin "mavi yanacaq" həsrətinin qısa müddətdə vüsalla əvəzlənəcəyini düşünmək olar. Axı qəsəbədəki 8 küçənin də ümumi qaz şəbəkəsinə qoşulması elə "Azəriqaz"ın maraqları daxilindədir.
Elnur Vahidoğlu
- Baxış: 459