Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli komanda növbəti təlim-məşq toplanışındadır. Göygöl Olimpiya İdman Kompleksində məşq keçən yığmamız qarşıdan gələn yarışlara hazırlaşır.
İyunun əvvəlindən adıçəkilən idman qurğusunda məşqlərə başlayan komandanın tərkibində 26 güləşçi yer alıb. Toplanışda seçməmizin əsas simaları ilə yanaşı bir neçə gənc pəhləvan da hazırlıq keçir. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altındakı məşq prosesində ABŞ-dan dəvət edilən mütəxəssis Mark Filipin proqramı əsasında fiziki məşqlərə xüsusi diqqət yetirilir. Gündə iki dəfə məşq edən yığmamız yaxın gələcəkdə keçiriləcək reytinq xarakterli yarışda qüvvəsini sınayacaq.
Aleksandr Tarakanov- milli komandanın baş məşqçisi: “Bu toplanış baza xarakterlidir. Burada döşək məşqləri ilə yanaşı əsasən fiziki hazırlığa üstünlük vermişik. Bizi gələn ay Macarıstanda reytinq turniri gözləyir. Ardından isə dünya çempionatına hazırlığımız olacaq. Olimpiya oyunlarında çıxış edə biləcək 6 çəki dərəcəsi üzrə idmançılar seçiləcək. Uşaqlar həvəslə çalışırlar. Hazırlıq üçün əbəs yerə buranı seçməmişik. Çünki burada hava sərin olduğuna görə məşq üçün çox əlverişlidir. Göygöl bizim üçün çox rahatdır”.
Təlim-məşq toplanışında əzmlə çalışan millimizin üzvləri üçün əsas hədəf sentyabrdakı dünya çempionatıdır. Klassiklər mundialda yaxşı nəticə göstərərək ölkəmiz adına olimpiada lisenziyaları təmin etmək arzusundadırlar.
Yığmamızın Göygöl toplanışı iyunun 18-dək davam edəcək. Yarış öncəsi növbəti hazırlığı komanda Bakıda keçəcək.
Orxan Cəfərzadə
- Baxış: 447