• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 31.05.2023 20:33

Neft, qaz və külək - şaxələndirilən enerji siyasəti

KepezTV Player

Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində 10-dan artıq ölkəyə təchizatın həcmi artırılıb və ya təchizata başlanılıb. Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin açılış mərasimindəki çıxışında belə deyib. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığından, digər ölkələrə qaz nəqli imkanlarından və Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisindən də danışıb.

"Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur". Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gas” və "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında belə deyib. Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu xatırladıb. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvləriyik, o, hər il fevral ayında Bakı şəhərində baş tutur. O da çox böyük əhəmiyyətə malikdir ki, bizim bütün səylərimiz əlaqələndirilir. Cənub Qaz Dəhlizi artıq istifadəyə veriləndən sonra belə, bu gün bizim yeni vəzifələrimiz var. Ona görə də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir”.

Dövlət başçısı Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynadığını diqqətə çatdırıb. Cənub Qaz Dəhlizini tarixi nailiyyət adlandıraraq, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət olduğunu bildirib. Prezident Avropa bazarına qaz təchizatından da danışıb. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng "Şahdəniz" yatağımızdır, digər yataq "Abşeron"dur. Olduqca qısa bir zamanda "Abşeron"dan çox yaxşı xəbərlər alınacaq. Oradan ilk qaz alacağımıza dair xəbər gözləyirik”.

Prezident İlham Əliyev Bolqarıstan vasitəsilə digər ölkələrə qaz nəqli imkanlarının nəzərdən keçirildiyinə diqqət çəkib. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, - yəni, bu ilin sonuna qədər, - bizim qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir”.

Dövlət başçısı Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisindən də danışıb. Bildirib ki, bu enerjinin Avropa bazarlarına nəqli nəzərdə tutulur. Layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisi ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropaya çatdırılacaq.

Fərid Mehdiyev