Hər birimiz yuxu görürük - ya hər gün, ya da hərdən bir... Biri üçün yuxular oyandığı an orada bitir, bir başqası üçün isə əksinə - bütün gününü gördüyü yuxunun təsiri altında keçirir. Əslində necə?! Yuxunun gerçək həyatımıza təsiri var, yoxsa yox ?! Real həyatın Əliabbasları, onun gördüyü yuxunu Səddama qədər çatdıran Məsmə nənələri varmı?!
"Yuxu" filmindən fraqment:
-Sizin nəvəniz cinayətkardır.
-Nə qədər ki, mən buraları dağıtmamışam, od vurub odlamamışam, qaytar mənim uşağımı. Bir de görüm ki, hansı qanunda, hansı kitabda yazılır ki, adamı yuxu üstündə türməyə salsınlar?!
- O baxır yuxuya...
Biz də baxacağıq, yuxulara yox, ona inananlara və inanmayanlara... Elə bu minvalla şəhər sakinləri arasında sorğu keçirdik.
Röya insanların qəlblərində yaradılan və oraya yerləşən şeyin xəyaletmə və düşünmə yolu ilə idrak edilməsi anlamı verir.
İsgəndər Məmmədov- din xadimi: “Müqəddəs “Quran”ımızda Yusif surəsində yuxu haqqında müxtəlif məlumatlar verilmişdir. Düşündüyü eyni yuxular görülürsə, buna düşüncəvi yuxular deyilir. İnsan günah etdiyi halda, çox qidalanıb yatdığı halda qarışıq, qorxulu yuxular görür, buna da deyirlər şeytani yuxular. Biri də var ki, ilahi yuxular. Yəni o yuxular vasitəsilə insana müəyyən siqanalların verilməsi, xəbərlərin qabağcadan verilməsi, bunun da özünün dinimizə müvafiq olaraq Allah qatında təbili var. Yuxuya eyni zamanda da din nöqteyi nəzərindən söykənməyə yer verilmir. Çünki yuxunun təbili Allah qatında bəllidir və biz onu tamlıqla deyək ki, müəyyən edə bilmədiyimiz üçün ən gözəl qayda vasitə budur ki, Allahın xeyrinə həvalə etmək”.
İnsan çox yuxu görərsə bu yuxu pozuntusu ola bilər. Mütəxəssislər depressiyada olan insanın daha çox yuxu gördüyünü bildirirlər.
Günel İsgəndərova- psixoloq: “Yuxu görmələr bizim beynimizdə baş verən bir prosesdir. Əslində yuxu biz yatarkən beynimizin və şüuraltımızın bizə oynadığı bir oyundur. Əslində hər gün yuxu görürük. Amma yuxuları hamımız yadımızda saxlamırıq. Daha çox bizə bağlı bizim duyğularımızı ifadə edən, gündəlik həyatımızda bizi təcəssüm edən yuxuları yadımızda saxlayırıq. İnsanlar var ki, deyirlər ki, mənim yuxum gerçək olur. Əslində niyə gerçək olur? Çünki, o yuxunun gerçəkləşməsinə inanır. Bizə elə gəlir ki, biz o yuxunu həyatda reallığa çevirmiş oluruq. Yuxunu gözlərində çox böyütməsinlər. Bunun sadəcə bir yuxu olduğuna, həyatımızın ondan asılı olmadığına inansınlar. Onda həyatımız da normal davam edəcək”.
Belə nəticəyə gəlmək olar ki, istər dini, istər psixoloji nöqteyi nəzərdən yuxuların insan həyatına müəyyən qədər təsiri var. Ağıla gələ biləcək hər şeyin yuxuya gələ bilmə ehtimalını da unutmayaq...
"Yuxu " filmindən fraqment:
- Nəvənə denən ki, bir də bundan sonra hər ağlına gələn şeyi yuxuda görməsin.
- Baş üstə, bundan sonra yuxu görmək üçün qəbuluna yazılarıq”.
Aişə Rzayeva
- Baxış: 333