Yaz aylarında ağacların çiçək açması, tozlanmanın başlanması ilə əlaqədar allergik xəstəliklər də kəskinləşir. Buna görə də, çox zaman yaza "xəstəliklər fəsli" də deyilir. Belə xəstəliklərdən biri də gözlərdə müşahidə olunan allergik reaksiya- “Bahar katarı”dır. İlin bu dövründə göz qaşıntısı, gözdə "yad cisim" hissi, işığa həssaslıq kimi əlamətləri olanlar diqqətli olmalıdırlar.
Allergik konyunktivit gözdə qəflətən başlayan qaşıntı, yanma, göz qapaqlarında zəif ödem-şişkinlik, gözdə qızartı və sulanma ilə müşahidə olunan, allergenlərə qarşı yaranmış konyunktivanın iltihabi reaksiyasıdır. Kliniki formalarından pollinoz, "Bahar katarı", dərman allergiyası, xroniki allergik konyunktivit, atopik keratokonyunktivit və iri papilyar konyunktivitlər ayırd edilir.
Tapdıq Məmmədov- oftalmoloq: ““Bahar katarı” yəni, baharda kəskinləşmə verir. Bu, simvolikdir. Bu problem baharda və payızda olur. Bəzi hallarda “yaz-payız katarı” deyirlər. Yaz fəslində günəş şüalarının bir qədər til düşməsi, tərkibində olan ultrabənövşəyi şüalarla bağlı, bəzi gül-çiçəyin açması, bu çiçəklərdən olan efir yağları, ətir bunların təsirindən yaranan bir səbəbdir. Uşaqlar adətən şirin yeməklərə meylli olur. Şirin yeyən uşaqların 99 faizində demək olar ki, bu xəstəliyə rast gəlinir”.
Xəstəlik uşaq və yeniyetmələrdə, xüsusilə oğlan uşaqlarında rast gəlinir, daha çox yaz aylarında başlayıb, payıza qədər davam edir. Pasiyentin 3-6 yaşlarında başlayan şikayətləri 20 yaşa qədər artıq yox olur. Nadir hallarda isə iyirmi yaşından sonra da davam edə bilər.
Vüsal Məmmədov- valideyn: “Uşağın gözündə qaşınma olurdu, su gedirdi. Uşaq əziyyət çəkirdi. Gəldik həkimin yanına, sağ olsunlar, müalicə yazdılar. Göz damcısı verdilər, maz yazdılar gözünün üstünə. Ondan sonra həmişə uşaq da rahat olur. Ən çox mart-aprel aylarında olur belə şeylər. Biz gəlirik həkimin yanına”.
Yüngül klinika ilə keçən hallarda gözə soyuq kompress, günəşdən qorunma və simptomatik müalicə kifayət edir. Bu tədbirlər yetməzsə, xəstəliyin kəskinləşdiyi yaz aylarında steroid preparatlar təyin olunur.
Tapdıq Məmmədov- oftalmoloq: “Əlamət gözdə qaşınma, sulanma və işıqdan qamaşmadır. Gözlərdə olan allergiyalara burun axmaları ilə birlikdə daha çox rast gəlinir. Hər ikisi selikli qişaya yaxın olduğu üçün, reaksiya eyni olur. Əgər bu, hiss olunursa saat 12:00-dan 17:00-a qədər olan vaxt günəşin altında gəzmək olmaz”.
Xəstəlik xroniki olduğuna görə, hormonal preparatların verə biləcəyi katarakta, gözdaxili təzyiq yüksəlməsi, infeksiya inkişafı və s. kimi ağırlaşmalar bu qrup preparatların istifadəsinə məhdudiyyət qoyur. Məhz buna görə, belə xroniki xəstəlikdən əziyyət çəkənlər hər bahardan əvvəl profilaktik müayinədən keçməli və lazımi tədbirlərə vaxtında başlamalıdırlar.
Aişə Rzayeva
- Baxış: 266