• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1437
— 04.03.2023 20:32

Yeni barama hibridi yaradılır

KepezTV Player

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətlərindən biri də baramaçılığın inkişafı üçün yeni hibrid və cinslərin yaradılması üzrə elmi tədqiqatların aparılmasıdır. 4 yeni barama cinsi və 2 hibrid yaradan institutun əməkdaşları yeni bir hibridin yaradılması üzərində işləyirlər.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Tut İpəkqurdunun Seleksiyası laboratoriyasında yaradılan 4 barama cinsi və 2 barama hibridi məhsuldarlığı ilə fərqlənir. Bundan ruhlanan tədqiqatçılar daha bir hibridin yaradılması üzərində iş aparırlar. 

Qafar Məmmədov- HETİ-nin Tut İpəkqurdu laboratoriyasının müdiri: “Bu il üçün Aran rayonları, əsasən isti rayonlar üçün dözümlü tut ipəkqurdu hibridi yaradılması planlaşdırılır. Aqromexanika İnstitutu ilə müqavilə əsasında keçən il biz tut ipəkqurdu yumurtalarının dirildilməsi adlı bir mövzunu da sınaqdan keçirmişik. Aqromexanika instituti ilə müqavilə əsasında bu cihaz yaradılıbdır. Onların təcrübə sınağı bizim institutda aparılıbdır. Orada da çox gözəl nəticələr gözlənilir. Həmin qurğunun fermer təsərrüfatlarına verilməsi nəzərdə tutulur”.

Mahir Hacıyev- HETİ-nin direktoru: “Respublikada bir neçə təsərrüfatlarda kümçülərin monotirinqləri keçirilir. Qax damazlıq stansiyasında toxumların dirilməsi istiqamətində işlər aparılır. Respublikada yeganə olaraq 2015-ci ildə Nazirlər Kabinetinin qərarı ilə İpəkçilik İnstitutu bizim institutla birləşdirilib. Bizdə iki yeni böyük laboratoriya fəaliyyət göstərir. Baramaçılığın inkişafı ilə bir neçə tövsiyyələr hazırlanıb”.

Həmçinin laboratoriyada tut ipəkqurdlarının yaz yemlənməsinin başlanması ilə əlaqədar olaraq işlər də aparılır. 

Rasimə Hüseynova- HETİ-nin Tut İpəkqurdu laboratoriyasının elmi işçisi: “Yaz yemlənməsi aprel ayının axırlarına düşür. Toxumlar Şəki Dayaq Məntəqəsində soyuducudadır. Onları gətirib otaq şəraitində qoyub, iki gün 15-17 dərəcə temperaturda saxlayırıq. Otaqda xüsusi nəmlik yaradırıq. Toxumları açıq inkubasiyaya qoyuruq. İnkubasiya 10 gün davam edir və qurdlar çıxır”.

İnstitutun genofondunda 82 ipəkqurdu cinsinin saflığı qorunur və saxlanılır. Bunlardan 52-si yerli, 30-u isə xarici cinslərdir. Həyata keçirilən belə elmi tədqiqat işləri ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafına öz töhfəsini verir.

Elnur Vahidoğlu