Xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən, Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Ceyhun Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb. Azərbaycanın Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib.
- Baxış: 355