İnanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı. Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib ki, bu, həm siyasi, həm də insaniyyət baxımından asan deyil. Lakin Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğu üçün təklif edilir.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır. Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər.
"Aksiyadakı gənclərə “Eşq olsun!”, onlar bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər.", - deyən Prezident İlham Əliyev bir addımlıqda separatçıların dünyaya tamamilə yalan informasiya ötürməklə məşğul olduqlarını da vurğulayıb.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Birincisi, hər kəs bunu artıq gördü ki, orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili, - bu, hələ bir ay olmayıb, - oradan keçib. Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər. Biz haradan öyrənmişik ki, indiyə qədər 20-yə yaxın İran vətəndaşı oraya qanunsuz girib, onların bütün pasportları da var. Bu haqda da bizə hər hansı bir izahat verilməyib. Yəni, biz hər şeyi görürdük, hər şeyi bilirdik. Bilirik ki, Rusiya sülhməramlı kontingentinin yük maşınlarının sayı nə qədərdir, ayda nə qədər girir, nə qədər çıxır və indi nə qədər girir, nə qədər çıxır. Təbii ki, onlar orada yaşayan ermənilər üçün ərzaq da və digər lazım olan vasitələr də aparırlar. Biz buna etiraz etmirik. Bizim məqsədimiz blokada deyil. Qırmızı Xaç neçə dəfə müraciət edibsə, icazə verilib. Ona görə bu, sadəcə olaraq, növbəti anti-Azərbaycan şousudur, mən buna başqa ad verə bilmərəm. Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər. Heç nə əldə etməyəcəklər. Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır. Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Bu günlərdə baş verən hadisə, - o bir nəfərin oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, - onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar. Əlbəttə, bu, bizim əlimizdə nədir ki? Heç nə. Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır.
- Baxış: 335