Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bu barədə 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarışın keçirilməsini yüksək qiymətləndirdiyini və bu işlərin cari ildə də davam etdirilməli olduğunu vurğulayıb.
"İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da bu böyük nailiyyətdir", - deyən Prezident İlham Əliyev bölgələrdəki parklarda idmanla məşğul olmaq üçün şəraitin yaradılması ilə bağlı tapşırıq da verib.
2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar da təqdim olunub. Yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderləri təqdim edilib.
- Baxış: 358