Təbrizin Təhlükəsizlik İdarəsində saxlanılan etirazçılar rejimin daha bir riyakarlığı ilə qarşılaşırlar. Azərbaycanlı rəqs müəlliməsi Fatimə Məhəmmədi Fərdrud həbsdən çıxandan dərhal sonra halı pisləşib. Analizlərdən sonra həkimlər onun orqanizmində yüksək dozada narkotik maddə tapıldığını bildiriblər. Fatimə Məhəmmədidən başqa həbs edilən digər qadınlar da oxşar halla üzləşiblər. Müayinələrdən sonra onların da qanında narkotik aşkarlanıb. Əslində şovinist rejiminin azərbaycanlılara qarşı bu əməllərinin arxasında böyük və iyrənc məqsədlər yatır. Məlumdur ki, İranda narkotikə görə saxlanılanlara ən ağır cəzalar verilir. Bu ölkədə hər il narkotik vasitələrlə bağlı ittihamlar əsasında yüzlərlə insan edam olunur. Etirazlara görə saxlanılanları başqa ittihamlarla cəzalandıran molla rejimi görünür bu üsulla daha çox güney azərbaycanlının öldürülməsinə nail olmaq istəyir.
Politoloq Yeganə Hacıyevanın da qeyd etdiyi kimi, İranda müvəqqəti saxlanma yerlərində, həbsxanalarda etirazçılara işgəncələr verilməsinə dair çoxsaylı faktlar var. Hətta hüquq müdafiəçiləri müxtəlif şəhərlərdə SEPAH-ın qeyri-qanuni həbsxanalarının mövcudluğu barədə məlumatlar paylaşırlar.
Qəddar rejimin bütün təzyiqlərinə, təhdidlərinə, həbslərə və işgəncələrə baxmayaraq, İranda etiraz aksiyaları davam edir. Xalq molla hakimiyyətinin devrilməsində israrlı görünür.
- Baxış: 279