Ermənilər yenə öz amplualarındadırlar. 30 il çapıb-taladıqları azmış kimi, indi də rusiyalı sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində xarici şirkətləri də cəlb etməklə təbii sərvətləri qanunsuz istismar edirlər. Bu yolverilməz halın qarşısının alınması üçün isə Azərbaycanın 3 qurumunun mütəxəssislərindən ibarət qrup yaradılıb və həmin qrup yerində monitorinq aparılması üçün bu gün sülhməramlı kontingentinin komandanlığı ilə danışıqların növbəti – ikinci mərhələsini keçirib.
Qarabağda, Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərində ermənilərin faydalı qazıntı yataqlarını qeyri-qanuni istismar etməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azərgold” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu missiyasının həyata keçirilməsi ilə bağlı dekabrın 3-də Xocalıda sülhməramlıların komandanlığı ilə danışıqlar aparıb. Müzakirələrin davamı olaraq təbii ehtiyatların qanunsuz istismarını araşdıran monitorinq qrupu bu gün Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə növbəti dəfə görüş keçirib.
Ermənilərin Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismarını araşdıran monitorinq qrupunun məqsədi faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış keçirmək, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi, dəymiş zərərin nəticələrinin aradan qaldırılmasıdır. Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkiliflər paketini qəbul edib və monitorinqlərin aparılması razılaşdırılıb. Monitorinqlərin ən yaxın zamanlarda baş tutması gözlənilir. Onsuz da ermənilərin 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində təbiətə vurulan ziyanın aradan qaldırılması üçün bizə uzun müddət və böyük vəsait lazımdır. Əlavə problemlərin yaranmaması üçün isə belə qanunsuz fəaliyyətlərinin qarşısı vaxtında alınmalıdır.
Qarabağda daha bir iranlı qrup peyda olub
Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-leqal fəaliyyət bununla yekunlaşmır. 14 İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Azərbaycan ərazilərində daha bir iranlı dəstə peyda olub. İrandan gələn 13 nəfərlik qrupun üzvlərinin adları da, pasportları da aşkara çıxıb. Ümumilikdə 6 gün ərzində - noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağa iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Özü də bu iki qrupun bir-biri ilə bağlı olduğu və eyni missiya ilə gəldiyi şübhə doğurmur. Çünki onların hər ikisi eyni mikroavtobusla gətirilib. Avtomobilin sürücü isə Ermənistan vətəndaşıdır.
İrandan qardaşına silah hədiyyəsi
Rəsmi Tehran məsələ ilə bağlı hələ də açıqlama verməyib. İranın susduğu bu günlərdə isə yeni faktlar danışır. Məlumata görə, iranlı dəstələrin Qarabağa gəlişindən təxminən bir ay əvvəl - oktyabrın sonlarında gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərilib. 500 ədəd “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket kompleksini İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri Ermənistana hədiyyə edib. İranda bu silahlar molla rejiminin özünə əsas düşmən saydığı ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effeketli kompleks hesab edilir. İranın qardaşına raket hədiyyəsi bu ölkədən Azərbaycan ərazilərinə qeyri-qanuni keçən dəstələrin ermənilərə İran istehsallı silahlarla bağlı təlim keçmə ehtimalını doğrulayır. Görəsən, azərbaycanlı jurnalistlərə öz torpaqlarında çəkilişə imkan verməyən sülhməralılar bu qədər silah-sursatı və müəmmalı iranlıları Qarabağa necə buraxıb? Sualın cavabı qədər Tehranın açıqlaması da maraq doğurur. Hələlik gözləyirik.
- Baxış: 277