• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 05.12.2022 20:32

İrana cavab: güc belə göstərilir

KepezTV Player

Azərbaycan və Türkiyə strateji müttəfiqdir. İki ölkənin silahlı qüvvələrinin saysız-hesabsız birgə təlimləri isə ənənəvi hal alıb. Azərbaycan-türkiyə birgə təlimləri iki ölkənin qardaşlığının nümayişi olmaqla yanaşı, Azərbaycanla təhdid dilində danışan qüvvələrə də tutarlı cavabdır.

Bu təlimlər Arazın o tayında keçirilənlərə bənzəmir. Bu təlimlər dünyanın ən güclü ordularından biri, NATO-nun ikinci ordusunun iştirakı, müasir döyüş üsullarının istifadə, ən müasir silahların, hərbi texnikaların tətbiqi ilə keçirilir. Bu, iki ordunun, yox iki dost, qardaş ölkənin vahid ordusunun döyüş dərsidir. Müasir ordu modelinin nümayişidir. Azərbaycan və Türkiyə hərbçiləri göstərdilər ki, körpü salıb çay keçmək əslində necə olur. Üstəlik, dost əliylə salınan körpülər daha möhkəm olur.

Bakı ilə yanaşı, ölkənin cənub ərazilərində - İranla sərhəd boyu aparılan təlimləri molla rejiminə, eləcə də ölkəmizin ərazi bütövlüyünə, sərhədlərimizin toxunulmazlığına təhdid yaradan bütün qüvvələrə  açıq mesaj da hesab etmək olar.

Türkiyənin istənilən məsələdə Azərbaycanı qeyd-şərtsiz dəstəklədiyi hamıya yaxşı məlumdur. Elə Azərbaycanla münasibətləri yenidən gərginləşdirən Tehranın təhdidlərinə qarşı da Ankara hər zaman Bakının yanında olub. Məsələn, 2001-ci ildə İran sərhədlərimizi pozaraq Azərbaycana qarşı hörmətsizlik etmişdi. O zaman Bakıda Azadlıq meydanı üzərində qanad açan “Türk şahinləri” Azərbaycanın tək olmadığını göstərmişdi. Bu o qırıcılarıydı ki, onların yerdə dayanması belə düşmənlərdə vahimə yaradır. Necə ki, Vətən müharibəsində bunun şahidi olduq. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. İki əlin yaratdığı yumruq isə daha qüvvətli olur.

İlham Əliyev Azərbaycan Prezidenti:“Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.

Məramını pərdələyən "sülhməramlı"

Sərhədimizdə təxribatlar planlaşdıranlar, ərazilərimizdə təxribatlar törədənlər bu sözləri qulaqlarında sırğa etməlidirlər. İstər o qüvvələr kənarda olsun, istərsə də sülhü qorumaq adıyla elə öz ərazilərimizdə. İran vətəndaşlarının qanunsuz olaraq Azərbaycan ərazilərinə keçməsinə şərait yaradan rusiya sülhməramlıları kimi.

14 İran vətəndaşının Xankəndiyə niyə, nə məqsədlə gəldikləri hələ də sual altındadır. İran tərəfdən rəsmi açıqlama yoxdur. Sülhməramlıların komandanı Andrey Volkov isə gah nala, gah mıxa vurub. Deyib ki, İran vətəndaşlarının hansı yolla, hansı sənədlərlə keçdiyi araşdırılır, sonra əmin edib ki, bu şəxslər diversant-zad deyillər, inşaatçıdırlar. Və onu da əlavə edib ki, həmin şəxslər iki gündən sonra oradan çıxarılıblar. Halbuki noyabrın 24-də Xankəndiyə buraxılan 14 İran vətəndaşının pasportuna vurulan “viza”larda göstərilən tarix dekabrın 13-ü olub. Əməllərinin ifşası sülhməramlıları necə təşvişə salıbsa, iranlıları gəldikləri kimi də geri göndəriblər. Məsələ bununla bitəcəkmi? Əlbəttə ki, yox. Çünki bu faktın özü çox mətləblərdən xəbər verir.

İran tərəfinin məsələ ilə bağlı sükutunun isə iki səbəbi ola bilər. Yəqin ya deməyə sözləri yoxdur, ya da sudan quru çıxmaq üçün bəhanələr axtarırlar.