• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1871
— 28.09.2022 20:56

“Kəpəz” ev oyunlarını yenidən doğma meydanda keçirə bilər

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer liqasında Gəncəni təmsil edən və stadionu qəzalı olduğuna görə ev oyunlarında rəqiblərini doğma meydanda qəbul etməyə icazə verilməyən “Kəpəz” bunun üçün yenidən Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Nizami yurdundan ayrı düşən klub adıçəkilən qurumdan bəs hansı cavabı alıb? Bunu sujeti izləməklə biləcəksiz.

Klubun İdarə Heyətinin son iclasında komandanın oyunlarını Gəncədə keçirə bilməməsi yenidən müzakirə mövzusu olub. İdarə Heyətinin üzvləri tərəfindən bu problemin həlli istiqamətində dəstəyin göstərilməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müzakirələr aparılıb. Nəticədə şəhər stadionunun birinci yarusunda tribunalara təkrar texniki baxışın keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanıb. Müvafiq orqanların əməkdaşları tərəfindən arenaya vizual baxış keçirilib və stadiona məhdud sayda azarkeşin buraxılması mümkün hesab edilib.

Dağlıların ev oyunlarını qadağa səbəbindən səfərdə keçirməsi komandaya çətinliklər də yaradır. Doğma meydada görüşlərin təşkilinə icazə veriləcəyi təqdirdə yaranan problemlər də aradan qalxmış olacaq.

Yeni rəyə uyğun olaraq klub ev oyunlarını Gəncədə keçirə bilməsi üçün qərara yenidən baxılması ilə bağlı artıq PFL-ə də müraciət edib. İcazə veriləcəyi halda ev oyunlarında 5000 nəfərədək azarkeş doğma meydanda “Kəpəz”ə dəstək ola biləcək. 1-ci yarusda azarkeşlərin rahat şəkildə oyunları izləməsi üçün oturacaqların quraşdırılmasına da start verilib.