Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə məlumatına görə, aprelin 4-ü saat 20:45 radələrində “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən 6 nəfər silahlı naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər. Sərhəd naryadı qanunun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsizləşdirib. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olub. Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran vətəndaşı 1996-cı il təvəllüdlü Behnam Balai olması müəyyənləşdirilib, onun yanında AKM tipli Kalaşnikov avtomatı, 3 ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkar olunub. Hadisə yerindən uzaqlaşmış digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İran vətəndaşı Məhəmməd Zarehi Tağı gizləndiyi yerdə aşkarlanaraq saxlanılıb, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
- Baxış: 959