Göygöl rayonunda COVİD 19-a qarşı peyvəndləmə işi davam edir. Vətəndaşlar könüllülük prinsipi əsasında vaksinasiya olunurlar. Proses mərhələli şəkildə təyin olunan qrafik üzrə həyata keçirilir.
Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Göygöl rayonunda yaşı 40-dan yuxarı olanlar, təhsil, səhiyyə, bank və digər sahələrdə çalışanlar Mərkəzi Rayon Xəstəxanasında peyvənd edilirlər. Tibb müəssisəsinin Yoluxucu xəstəliklər şöbəsində vaksinasiya üçün müraciət edənlər qeydiyyata alınır və həkim müayinəsindən keçirlər. Peyvəndə əks göstərişi olmayan sakinlərə vaksin vurulur.
Rayonun ucqar dağ kəndlərində bu proses paralel olaraq aparılır. Kəndliləri də vaksinasiya prosesindən kənarda qalmır. Səyyar qruplar həkim məntəqələrində və kənd icra nümayəndəliyinin yerləşdiyi binalarda sakinlərin müraciətlərini qəbul edirlər.
Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Bir sözlə koronavirusa qarşı mübarizə aparmağın yolu vaksin olunmaqdan keçir.
Göygöl rayonunda əhalinin vaksinasiya strategiyasına uyğun olaraq əks-epidemik tədbirlər davam etdirilir.
Valeh Anaroğlu
- Baxış: 337