Bəşər sivilizasiyasının ilk meydana gələn ərazilərindən biri olan Azərbaycanda arxeoloji qazıntıların nəticələri göstərir ki, bu yerlərdə yaşayan insanlar tarix boyu çoxlu sayda abidələr yaradıblar. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan həmin abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılıb. Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində işlər görülüb. Mədəni-tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində tədbirlər həyata keçirilib. Təəssüf ki, son otuz ilə yaxın bir müddətdə bu işləri ölkənin bütün ərazilərində aparmaq mümkün olmayıb. Maddi mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ və ətraf bölgənin Ermənistan tərəfindən işğalı nəticəsində orada bütün abidələr məhv edilib.
Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdamda tarix və mədəniyyət, memarlıq, arxeoloji, monumental və xatirə abidələri, muzeylər dağıdılıb. Bədnam qonşularımız tam dağıda bilmədikləri abidələrimizin memarlıq quruluşunu dəyişdirərək erməniləşdirməyə çalışıblar. Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid abidələri dağıtması və dəyişdirərək özününküləşdirməyə çalışmasında məqsədi Qarabağ və ona bitişik ətraf ərazilərin erməni torpaqları olması barədə gülünc iddiasını əsaslandırmaq idi.
Ermənilərin dağıdaraq dəyişikliyə uğratdığı tarixi Azərbaycan abidələrindən biri də Şahbulaq qalasıdır. 3 əsrə yaxın yaşı olan bu saray kompleksi Ağdamın qədim tarixini özündə əks etdirir. Şahbulaq qalasının memarlıq quruluşu ermənilər tərəfindən dəyişdirilib, erməni abidəsi kimi təqdim edilib. Abidənin divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcə də daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub.
Ağdam Ermənistanın işğalı altına düşəndən sonra abidə başıpozuq erməni əsgərləri tərəfindən nişangah kimi istifadə olunub, ağır artilleriya və tank atəşlərinə məruz qalıb. Nəticədə abidənin mühafizə divarlarına ciddi zərər dəyib. Son illərə kimi Ermənistanın Qarabağda keçirdiyi hərbi manevrlər zamanı Şahbulaq qalası yenidən atəş altına düşüb və abidəyə edilən əlavənin sol küncü uçurdulub. Qala ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdən biri olmaqla kilsə kimi istifadə edilib. Ermənilər füsunkar təbiətə malik ərazidə yerləşən Şahbulaq qalasından qazanc məqsədilə yararlanıblar. Qalaya turistlərin qanunsuz səfərləri təşkil olunub. Erməni işğalçılarının bərbar hərəkətləri "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" müvafiq beynəlxalq konvensiyalara ziddir. Və bu, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir.
Ümumbəşəri dəyərlər hesab olunan, tarixin daş yaddaşı sayılan abidələrə nəzər yetirəndə Ağdamda əsarətin, vandallığın, erməni faşizminin izləri lap açıq-aydın görünür. Zəngin təbii və mədəni irsin, o cümlədən dünya əhəmiyyətli unikal abidələrin işğal altında olması əslində dünya irsinə qarşı qəsd demək idi. Azərbaycan xalqı üçün qədim, əvəzolunmaz qiymətli mədəni sərvətlər olan bu abidələrin dəyəri olduqca böyükdür.
- Baxış: 504