Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə geniş müsahibə verib. Dövlət başçısı 44 günlük müharibə, Minsk Qrupunun fəaliyyəti, İran TIR-larının qanunsuz olaraq Qarabağa getməsindən və digər məsələlərdən danışıb.
"Minsk Qrupunun fəaliyyətini demək olar görmürük. Demək olar ki, danışıqlar prosesində gəldilər, təkliflər verdilər, prezidentlər səviyyəsində görüşlərin gündəliyini təsbit etdilər, bizə müzakirə ediləcək mövzuları təklif etdilər, hər iki tərəf bu mövzuda danışıqlar aparırdı". Azərbaycan Prezidenti onu da deyib ki, müharibənin bitməsindən təxminən bir il keçməsinə baxmayaraq, onlardan heç bir təklif yoxdur.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bir dəfə Azərbaycana gəldilər və mən onlara dedim ki, siz təkliflər verin. Bu məsələni həll etdik. Dağlıq Qarabağ münaqişəsi bitdi. Dağlıq Qarabağ adında inzibati ərazi mövcud deyil. Bu günlərdə BMT Baş Assambleyasındakı çıxışımda bütün ölkələrə müraciət etdim və dedim ki, bundan sonra Dağlıq Qarabağ ifadəsinin işlənməməsini xahiş etdim. Çünki Azərbaycan ərazisində belə ərazi yoxdur. Qarabağ bölgəsi var, Şərqi Zəngəzur var. Bu halda Minsk Qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortaya çıxmalıdır. Dağlıq Qarabağ münaqişəsi bitdi. İndi nə etmək olar? Etimad tədbirləri, yollar açmaq, dəhlizlər açmaq, sülh prosesini dəstəkləmək, Ermənistan-Azərbaycan münasibətlərini tənzimləmək, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamağa çalışmaq. Məncə onların fəaliyyət dairəsi bundan sonra bundan ibarət olmalıdır. Yoxsa olmayan Dağlıq Qarabağın statusu ola bilərmi? Əlbəttə yox. İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupundan bu günə qədər bizə heç bir təklif verilməyib. Və heç bir təklif olmadığı üçün Minsk Qrupunun fəaliyyətindən danışmaq yersizdir. Artıq bir il keçir. Nə təklif edirsən? Deyirsiniz ki, bu münaqişə həll olunmalıdır. Azərbaycan olaraq deyirəm ki, özüm bütün təzyiqlərə baxmayaraq həll etmişəm... Yəni bir təklif olmalıdır. Nə ilə məşğul olmalıdırlar? Mən öz fikirlərimi bildirmişəm. Qalanı onların məsuliyyətidir”
Azad olunmuş ərazilərdə həyata keçirilən böyük layihələrdən danışan Prezident Qarabağda yaşayan ermənilərin də bunu gördüyünü deyib.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Artıq bir necə dəfə erməni xalqından olan şəxslərin bizim Şuşadakı hərbi hissələrimizə gələrək onların da bu işlərə qəbul edilməsini xahiş etmələri təsadüf deyil. Onlar orada işsiz-gücsüz qalıblar. İşsizlik, səfalət və ümidsiz vəziyyətdədirlər. Biz buna müsbət yanaşırıq. Amma bunun hüquqi tərəfinin tam oturuşması lazımdır. Biz orada yaşayan erməniləri öz vətəndaşımız olaraq qəbul edirik. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan torpağı olub. Sovet dönəmində, əvvəlki dönəmdə də, işğal dönəmində də bu belə idi. Biz onları Azərbaycan vətəndaşı olaraq görürük. Sadəcə, onlar bunu qəbul etməlidir. Onlar erməni təbliğatından xilas olmalıdırlar. Onlar öz gələcəklərini, uşaqlarının gələcəyini düşünməlidir. Biz onları da işlərə cəlb etməyə hazırıq. Qarabağda yaşayan 25 min erməni də inşaat, bərpa işlərində iştirak edə bilər. Eyni zamanda gələcəkdə yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün imkanlar yaradarıq. Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin Baş planı təsdiqlənib. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin də baş planları təsdiqlənəcək. Bu bizim gücümüzü göstərir və biz ermənilərin Qarabağda yaşadığı kəndlərdə də bunları edə bilərik. Mən zəfərdən sonra bölgələrə on dəfələrlə səfər etmişəm. Orada ermənilərin yaşadığı bəzi kəndlərdə qarşılaşdığım mənzərə məni heyrətə gətirib. İnsanlığa yaraşmayan vəziyyətdir. Bəzi kəndlərdə evlər analiz edilir. Evlərin 95 faizi yararsızdır. Yəni orada heç kim yaşaya bilməz. Onlar uçurulmalıdır. Belə rəzil vəziyyətdə 30 il yaşayan bir xalq gün üzü görmək istəyir. İşıq isə yalnız Azərbaycandan gələcək. Onlar üçün bunun o qədər də asan olmadığını başa düşmək lazımdır. Burada psixoloji vəziyyət də nəzərə alınmalıdır. Amma biz xoş niyyət göstəririk və onların xoşbəxt və sülh içində gələcəyinin ancaq Azərbaycan dövlətinə bağlı olduğunu başa düşəcəklərini ümid edirəm.
“İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu işğal dövründə də dəfərlərlə olan bir hadisələrdir. Müntəzəm olaraq bu TIR-lar ora gedirdi. Bizim məlumatımız var idi. Ancaq indiki qədər dəqiq məlumat əlbəttə ki, yox idi". Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib ki, bunu nəzərə alaraq müxtəlif kanallarla İran tərəfinə narazılığımız çatdırılıb. Ancaq bu davam edirdi. "Birinci dəfə şifahi xəbərdarlıq etdik, ikinci dəfə rəsmi nota verdik, üçüncü dəfə gömrük, sərhəd, polis postları qurduq" - deyə dövlət başçısı bildirib.
Müzəffər Ali Baş Komandan İlham Əliyev İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə də münasibət bildirib. “O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüblü bir məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı" - söyləyən Prezident vurğulayıb ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu onun suveren hüququdur, söz ola bilməz.
Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində Zəngəzur dəhlizinin Ermənistanın əlaqələri normallaşdırmağa başlamasının, əlbəttə ki, bir şərti olduğunu açıqlayıb. Çünki 10 noyabr Bəyanatında bu əksini tapıb. Ermənistan bu öhdəliyi üzərinə götürüb” - deyə dövlət başçısı vurğulayıb.
- Baxış: 227