Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib. Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün oğlanlar və qızlar Ermənistanın hərbi təcavüzündən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirə biliblər. Təhsil müəssisələri Ermənistan tərəfindən heç bir fərq qoyulmadan atəşə məruz qalıb və məktəblilər və təhsil personalı təhlükə altında tədris prosesində iştirak edib. 44 günlük müharibə zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq məktəbləri hədəfə alıb, nəticədə 54 məktəbimiz dağıdılıb, 6-15 yaş arası 10 məktəbli faciəvi şəkildə qətlə yetirilib, 16 məktəbli isə yaralanıb. Bu fikirlər Xarici İşlər Nazirliyinin 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı məlumatda yer alıb. Nazirlik azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini və uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququna hörmət edilməsinin vacibliyini vurğulayaraq törədilmiş müharibə cinayətlərinə dair çoxsaylı faktları araşdırmaq və bu cinayətləri törədənləri məsuliyyətə cəlb etmək beynəlxalq öhdəliklərinə riayət etməyi tələb edir.
- Baxış: 388