Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir. Hazırda fəaliyyət göstərən 20 "ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub.
- Baxış: 459